Rusiya, ABŞ, Çin və Pakistan Əfqanıstanla bağlı dördtərəfli görüş keçirəcək

Operativ.tv-nin Fars News-istinadən verdiyi xəbərə görə, Rusiya ABŞ, Çin və Pakistanla Əfqanıstan mövzusunda bir zirvə toplantısı keçirməyi planlaşdırır.

Məlumata görə, görüşün oktyabrın 19-da Moskvada keçirilməsi planlaşdırılır.

Lakin bu zirvə toplantısında Taliban hökumətinin nümayəndələrinin iştirak edib-etməmələri məlum deyildir.

Amma Rusiya Xarici İşlər Nazirliyi dünən Taliban hökumətinin nümayəndələrinin Əfqanıstandakı vəziyyəti müzakirə etmək üçün gələn həftə Moskvaya gedəcəyini və İranın da danışıqlarda iştirak edəcəyini açıqladı. Görüş oktyabrın 20-nə təyin edilib.

Moskva əvvəllər Əfqanıstanla bağlı konfranslara ev sahibliyi etmişdi və bu ilin mart ayında ABŞ, Çin və Pakistan nümayəndələri ilə Əfqanıstan mövzusunda bir konfrans keçirmişdi.

Bu konfransda tərəflərin sülh şəraitində yaşamalarına və ictimai sabitliyə riayət etmələri ilə bağlı çağırış xarakterli bəyanat verilmişdi. Sonda Taliban ölkədə nəzarəti ələ keçirmişdi.

İran İslam Respublikası Xarici İşlər Nazirliyində Cənubi Asiya Nazirinin köməkçisi və baş direktoru Seyid Rəsul Musəvi bu yaxınlarda öz tvitində Əfqanıstanın qonşu ölkələrinin xarici işlər nazirlərinin görüşünün yaxın vaxtlarda Tehranda keçiriləcəyini açıqladı.

O yazırdı: "Əfqanıstanda baş verənləri anlamaq və gələcəyinə təsir etmək üçün əhəmiyyətli diplomatik hərəkətlilik var. Fərqli ölkələr diplomatiyalarını fərqli mexanizmlərdə aparırlar.”

Əfqanıstanın gələcəyinin qonşuları ilə regional əməkdaşlıqda olduğunu qeyd edən Musəvi dedi: "Əfqanıstanın qonşularının xarici işlər nazirlərinin görüşü tezliklə Tehranda keçiriləcək"