Ruhanilər Cəlal Şəfiyev və Qədir Məmmədov sərbəst buraxılsa da Sərdar Hacıhəsənli hələ də saxlanılır-VİDEO

Giperssilka.ru xəbər verir ki, oktyabrın 19-da Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılan ruhanilərdən daha ikisi sərbəst buraxılıb. Bu barədə bu gün - oktyabrın 20-i səhər saatlarında Hacı Cəlal Şəfiyev sosial şəbəkələrdə paylaşdığı video açıqlamada bildirib.

Açıqlamaya əsasən, Hacı Cəlal digər ruhani həmkarı Kərbəlayi Qədir Məmmədovla birlikdə sübh saatlarında sərbəst buraxılıb.

Hacı Cəlal qeyd edib ki, saxlanılmalarının əsas səbəbi İranda təhsil almalarıdır.

Qeyd edək ki, dünən saxlanılan ilahiyyatçı Hacı İlqar İbrahimoğlu da gecə saatlarında sərbəst buraxılıb. Hazırda ruhani və Maide.az saytının baş redkatoru Şeyx Sərdar Hacıhəsənli, Maide.az saytının əməkdaşı Təmkin Cəfərov və dindar Əli Musayev hələ də saxlanılır.