Rəisi: Tehran Qafqaz regionunda heç bir geosiyasi dəyişikliyi qəbul etməyəcək

 İran Qafqaz regionunda heç bir geosiyasi dəyişikliyi qəbul etməyəcək. Tehran bölgədə sülh və sabitliyin bərqərar olmasına yardım etməyə hazırdır.

Operativ.tv SalamNews-a istinadla verdiyi xəbərə görə, bunu İran prezidenti İbrahim Rəisi Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığı zamanı bildirib.

İran prezidenti 2020-ci ildə Rusiya, Ermənistan və Azərbaycan liderlərinin imzaladığı, İrəvan və Bakı arasında 44 günlük müharibəyə son qoyan üçtərəfli atəşkəs sazişinə istinad edib. 

Onun sözlərinə görə, atəşkəs razılaşmasına əməl etmək, qalan məsələləri dialoq və diplomatik yollarla həll etmək Qafqaz regionunda təhlükəsizliyin və əmin-amanlığın bərpasının ən yaxşı yoludur.

Nikol Paşinyan İran prezidentinə Ermənistanla Azərbaycan arasında baş verən son toqquşmalar barədə məlumat verib.

Onun sözlərinə görə, Ermənistan İranla yol və enerji sektorlarında əməkdaşlığı genişləndirməyə, eləcə də iki tərəf arasında malların tranzitini asanlaşdırmağa hazırdır.