Riqada "Şərq Tərəfdaşlığı media konfransı-2019: biznes və dayanıqlı inkişaf" adlı tədbir keçirilib

"Şərq Tərəfdaşlığı ölkələri Avropa İttifaqı (Aİ) üçün vacibdir. Aİ qonşuluğunda olan ölkələrdə stabilliyə, inkişafa, demokratik idarəçiliyə xüsusi önəm verir. Şərq Tərəfdaşlığı siyasətində Aİ uğur qazanıb”.

Operativ.tv-nin xəbərinə görə, bu barədə Riqa şəhərində Şərq Tərəfdaşlığı media konfransı-2019: biznes və dayanıqlı inkişaf" adlı tədbirdə Latviya Xarici İşlər Nazirliyinin dövlət katibi Andris Pelşs bildirib.  

A.Pelşs deyib ki, daxili və xarici çətinliklərə baxmayaraq, bu ölkələrdə media sahəsində gözəçarpan irəliləyiş müşahidə olunur: “Xarici təsirlər, kiber təhlükələr, dezinformasiya medianı təhdid edir və bu istiqamətdə təhdidlərə cavab vermək üçün medianın davamlılığını artırmaq lazımdır. Mediada plüralizm, müstəqillik önəmlidir və biz bunun üçün çalışmalıyıq. Latviya bu istiqamətdə uğurlar əldə edib və öz təcrübəsini bölməkdən məmnunluq duyur”.

 

Daha sonra Avropa İttifaqının qonşuluq siyasəti və genişlənmə danışıqları üzrə Baş Direktorluğunun (DG NEAR) Gürcüstan, Moldova və transsərhəd əməkdaşlığının inkişafı departamentinin rəhbəri Matye Buske çıxış edib. O bildirib ki, ifadə azadlığı uğurlu cəmiyyət üçün fundamental dəyərlərdən biridir və media demokratikləşmə prosesində aktiv iştirak etməlidir: “Azad və sağlam media mühiti dezinformasiya ilə mübarizədə əsas rol oynayır. Aİ medianın azadlığı və onun təşviqi istiqamətində fəaliyyətinə sadiq olaraq qalır”.

Konfransda çıxış edən Avropa İttifaqının Xarici Siyasət Xidmətinin "Şərq Tərəfdaşlığı" və ATƏT departamentinin direktor müavini Radoslav Darski bildirib ki, Şərq Tərəfdaşlığı ölkələrində media spesifik bacarıqların çatışmazlığı, ictimai inamın azlığı, media marketin müxtəlif daxili və xarici qüvvələr tərəfindən təsirlərə məruz qalması və s. kimi çətinliklərlə üzləşir.

R.Darski əlavə edib ki, müasir dövrdə media hibrid və kiber hücumlar kimi yeni təhlükələrə məruz qalır və bu təhlükələrə cavab vermək üçün medianın davamlılığını inkişafı istiqamətində işləmək lazımdır. R.Darski Aİ-nin Şərq Tərəfdaşlığı ölkələri ilə əməkdaşlığında media mühiti üçün də önəmli olan qanunun aliliyinin qorunmasının önəmli sütunlardan biri olduğunu vurğulayıb.

Qeyd edək ki, bu gün Avropa Xarici Fəaliyyət Xidmətinin və Latviya hökumətinin dəstəyi ilə Avropa Komissiyası tərəfindən təşkil olunan konfransda medianın inkişafı istiqamətində fəaliyyət göstərən təşkilatların, 6 tərəfdaş ölkədən (Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna) və Aİ-dən donor təşkilatların nümayəndələri və 100-dək peşəkar jurnalist iştirak edir.

Konfrans 2017-ci ildə Kiyevdə baş tutan və regionda çalışan peşəkar jurnalistlərin üzləşdiyi əsas problemin iqtisadi dayanıqlıq olduğunu müəyyənləşdirən "II Şərq Tərəfdaşlığı media konfransı”nın davamı olaraq təşkil edilib.

Konfransın sessiyalarında Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukraynadan olan peşəkar media nümayəndələri uğurlu biznes modelinin qurulması və maliyyə dayanıqlılığının yaxşılaşdırılması mövzusunda təqdimatlarla çıxış edirlər. Konfransın yekun sessiyasında tədbir ərzində əldə olunan nəticələr və tövsiyələr açıqlanacaq.