Ərəbistanda şəxs üzərindəki bombanı işə saldı

Operativ.tv Rasthaber-ə istinadən verdiyi xəbərdə bildirilir ki, Səudiyyə Ərəbistanının Ciddə şəhərində təhlükəsizlik qüvvələrinin tutmaq istədikləri şəxsin üzərindəki qurğunu işə salması nəticəsində 3-ü polis olmaqla 4 nəfər yaralanıb. Ölkənin rəsmi agentliyi SPA-da yer alan xəbərə görə, Dövlət Təhlükəsizliyi Rəyasət Heyətinin axtardığı 9 nəfərdən biri olan Abdullah əl-Bəkr avqustun 10-u çərşənbə günü Ciddə şəhərində təqib edilib. Xəbərdə təhlükəsizlik qüvvələrinin Bəkri tutmaq istəyərkən üzərindəki bombanı işə saldığı, Bəkrin hadisə yerində həyatını itirdiyi, biri mülki, üçü təhlükəsizlik qüvvələri olmaqla 4 nəfərin yaralandığı bildirilib. Xəstəxanaya qaldırılan yaralıların vəziyyəti ilə bağlı məlumat verilməyən xəbərdə dövlətin etibarını və sabitliyini hədəf alanlara icazə verilməyəcəyi qeyd edilib. Xəbərdə Abdullah əl-Bəkrin nə üçün axtarıldığı ilə bağlı heç bir məlumat verilməyib.