Razi Hümbətovun məhkəməsində qarşıdurma, saxlanılanlar var (2 yenilənib)

14:00

Əldə etdiyimiz son məlumata əsasən saxlanılan şəxslər hal-hazırda Bakı şəhəri 22-ci polis bölməsindədir. 6 nəfər olduğu deyilən şəxslərin hamısı Müsəlman Birliyi Hərəkatının üzvləridir.  

 

13:00

Bu saata olan məlumata görə ictimai fəal Razi Hümbətovun məhkəməsi bitib. O, 6 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə önündə saxlanılanlar barəsində sosial media üzərində yayılan məlumatlara görə bu şəxslər hüquq müdafiəçisi Zəfər Əhmədov, Ağaəli Yahyayev və Süleyman Ələkbərovdur. Onların barəsində hələlik heç bir məlumat yoxdur.   

*****

İctimai fəal, Müsəlman Birliyi Hərəkatının üzvü Razi Hümbətovun hal-hazırda davam edən məhkəməsində polis və vətəndaşlar arasında insident yaşanıb. Məhkəmədə Razi Hümbətova dəstək olmağa gələn yaxınlarına polisin sərt müdaxiləsi və onların ərazidən uzaqlaşdırmaq cəhdi qarşıdurmaya çevrilib. Polis dinc sakinlərin qovulması üzərindən getmək istəməyən şəxslərə güc nümayiş etdirərək onlardan bəzilərini polis idarəsinə aparıb. Məlumatı Operativ.tv-yə hadisə iştirakçıları verib. Hələlik kimlərin saxlanılması və hansı polis idarəsinə aparılması haqqında dəqiq məlumat olmasa da, saxlanılanlar arasında hərəkatın fəallarının da olduğu bildirilir.

Hadisə diqqətimizdədir.

Xatırladaq ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal, Müsəlman Birliyi Hərəkatının üzvü Razi Hümbətovun son məhkəməsi keçirilir. Ötən gün dövlət ittihamçısı ona 7 il azadlıqdan məhrumetmə cəzası istəmişdi.