Razi Hümbətova hökm sabah oxunacaq-VİDEO

Bu gün Müsəlman Birliyi Hərəkatının üzvü, ictimai fəal Razi Hümbətovun məhkəməsi keçirilib. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə baş tutan son iclasda dövlət ittihamçısı çıxış edib. O, Razı Hümbətova 7 il müddətində azadlıqdan məhrum edilmə cəzası istəyib. Məhkəmə hökmü sabah elan olunacaq.

Qeyd edək ki, illərdir ölkədə tüğyan edən narkomaniyaya qarşı mübarizə aparan Müsəlman Birliyi Hərəkatının üzvü, Abşeron rayonunun Ceyrənbatan qəsəbəsində yaşayan ictimai fəal Razi Hümbətov 2021-ci il, iyulun 7-də oğurlanıb. Ailə üzvləri 4 gün axtardıqdan sonra onun Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsində saxlanıldığını öyrəniblər. Bakının Nərimanov rayon Məhkəməsi Hümbətov barəsində həbs qətimkan tədbiri seçib. Vəkili Cavad Cavadov həbs qətimkan tədbiri ilə bağlı məhkəmə qərarından apellyasiya şikayəti versə də Bakı Apellyasiya Məhkəməsi Nərimanov məhkəməsinin verdiyi qərarı qüvvədə saxlayıb. Razi Hümbətova qarşı Cinayət Məcəlləsinin 234.4.3 maddəsi ilə (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma-külli miqdarda törədildikdə) ittiham irəli sürülüb. O özü bütün bu ittihamları siyasi sifariş olaraq rədd edir.