Rauf Mirqədirov: Azərbaycan hakimiyyəti mənə qarşı casusluq ittihamını ləğv etməlidir

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) sentyabrın 17-də azərbaycanlı jurnalist Rauf Mirqədirovun Azərbaycan və Türkiyə hökumətlərinə qarşı şikayəti ilə bağlı qərarını elan edəcək, bu barədə Avropa Məhkəməsinin məlumatında deyilir.

İş onun həbs edilməsi və dövlətə xəyanət ittihamı ilə azadlıqdan məhrum edilməsi ilə bağlıdır. Mirqədirov Türkiyədə yaşayarkən 2014-cü ilin aprelində bu ölkənin hakimiyyəti onu jurnalist akkreditasiyasından və bu ölkədə yaşamaq icazəsindən məhrum edib, daha sonra Azərbaycana deportasiya edib.

Avropa Məhkəməsindəki proses Azərbaycanın beynəlxalq imicinə təsir edəcəkmi, Mirqədirova rəsmi Bakı ilə barışmaq təklifi daxil olubmu, Bakıda yaşayan qohumları vasitəsilə Mirqədirovdan intiqam ala, onun barəsində beynəlxalq axtarış elan edə bilərlərmi?

Rauf Mirqədirov Turan-ın bu suallarına Sürixdən (İsveçrə) cavab verib.

- Əvvəlcə aydınlıq gətirim, - deyir Mirqədirov, - hazırda Avropa Məhkəməsi mənim Türkiyədə qanunsuz həbsim və Azərbaycana təhvil verilməyimlə bağlı birinci şikayətim üzrə qərarını elan etməyə hazırlaşır. Bu, oğurlanma, qanunsuz proses idi, belə ki, mən Türkiyədən ölkədə yaşamaq icazəmin müddəti bitmədən çıxırdım. Türkiyədəki statusumu pozmamışdım.

Avtobusla Gürcüstana gedirdim, amma avtomatla silahlanmış şəxslər avtobusu saxladılar, məni 4 yaşlı qızımın gözü önündə salondan çıxardılar, onun keçirdiyi şoku təsəvvür edə bilirsiniz? Vəkillə görüşməyə, məhkəməyə müraciət etməyə imkan vermədilər. Türkiyədə gecə belə məhkəməyə müraciət etmək olar.  Amma  onlar hakimin məni həbs  edəcəyinə əmin deyildilər.

Səhər məni təyyarəyə mindirdilər və Bakıya göndərdilər. Bu, Türkiyə və Azərbaycan hüquq-mühafizə orqanlarının birgə əməliyyatı, əslində isə insan oğurluğu idi.

Avropa Məhkəməsinə birinci şikayətim bundan ibarətdir. Bu şikayəti hələ Bakıda həbsdə olarkən vermişdim.

İkinci şikayət Azərbaycan hökuməti, istintaq və məhkəmə dövründəki hərəkətlərlə bağlıdır. Söhbət müstəntiqin və hakimlərin qanunu pozmasından gedir. Bu şikayət bir neçə il əvvəl verilib. Mən bu şikayətləri geri çəkmədim, baxmayaraq ki, məni buraxıblar və İsveçrədə yaşayıram. İddiaları ona görə geri çəkmədim ki, insan hüquqlarının pozuntusu təkcə mənimlə bağlı deyil. İnsan hüquqlarının pozulması ilə bağlı iddialar nə qədər çox olsa, belə cinayətlərin sayı bir o qədər az olar.

Azərbaycanın hüquq-mühafizə sistemi ucbatından ömrümün iki ilini itirdim. Sağlamlığım korlandı, daim müxtəlif xəstəliklərdən müalicə olunuram, ailə üzvlərim böyük şok keçirdi, atamı itirdim. Ailəmin Türkiyədən İsveçrəyə gəlməsinə icazə vermirdilər. Onlar bütün günü Türkiyə aeroportunda keçiriblər və Avropalı diplomatların müdaxiləsindən sonra axşam reysi ilə uça biliblər. Bunu unutmaq və bağışlamaq olmaz.

- Nəyə nail olmağa çalışırsınız?

- Mən hələ də rəsmi olaraq Vətən xaini, erməni casusu hesab olunuram. Bu ittiham ləğv edilməlidir, adımı təmizə çıxarana qədər məhkəmə çəkişmələrini davam etdirəcəyəm.

Söhbət təkcə məndən getmir. Ölkəmizdə insan hüquqları pozuntularına çox yol verilir. Məsələn, Tofiq Yaqublu. Onun iki qızı da həbsdə olub, biri vəfat edib, o, siyasi məhbus olub, müharibə qəhrəmanıdır. Onun ailəsini bütün azərbaycanlılar üçün nümunə kimi göstərmək yerinə hakimiyyət Yaqublunun ailəsini məhv etməyə, mənəvi cəhətdən sındırmağa çalışır. Buna son qoyulmalıdır. Bu cür məhkəmə prosesləri daim olmalıdır.

Mən azad edildikdən sonra Almaniya səfiri mənə dedi ki, jurnalistə casusluq ittihamını sübut etmək çox çətindir, çünki jurnalist informasiya ilə işləyir. Mənim başıma gələn hadisədə jurnalisti həbs ediblər və casusluğa görə mühakimə ediblər, daha sonra isə sərbəst buraxıblar. Məni şərti maddə ilə, kiçik xuliqan kimi buraxıblar.

Azərbaycanda istənilən insan hər şeyə görə mühakimə oluna bilər. Bu, absurddur, gülüncdür. Biz bu cəfəngiyyata son qoymalıyıq. Ölkədə qanunun aliliyi yoxdur. Sussaq, bu, çoxlarının başına gələcək, yeni cinayətlərə yol açacağıq. Belə hadisələrə qarşı dözümsüzlük mühiti yaratmalıyıq, ən azı xaricdən ölkə hakimiyyətinə təzyiq yolu ilə.

- Bu yaxınlarda bir sıra siyasi mühacirlərə qarşı olduğu kimi, Sizin də barənizdə axtarış elan edə biləcəklərindən ehtiyatlanmırsınız?

- Azərbaycan mənim barəmdə axtarış elan edə bilər. Amma mənim siyasi mühacir statusum var. Axtarış elan etsələr İsveçrə hakimiyyətinə müraciət edəcəyəm və onlar axtarışın ləğvinə nail olacaqlar. Siyasi mühacir statusu olan şəxslər barəsində İnterpolda axtarış elan etmək olmaz.

- Hansı şərtlərlə hakimiyyətlə barışığa getməyə hazırsınız?

- Mənə Azərbaycan hakimiyyəti ilə barışmaq təklifləri daxil olmayıb. Bu, tamamilə hüquqi məsələdir. Söhbət ondan gedir ki, mən dövlətə qarşı ağır cinayətdə ittiham olunmuşam, bu ittiham ləğv edilməlidir. Azərbaycan öz təşəbbüsü ilə mənim işimə baxa və ittihamı ləğv edə bilər. Ondan ikinci iddiadan qurtulmaq olar. Bu məsələlər Azərbaycanda hüquqi həllini tapsa Avropa Məhkəməsinə müraciət etmək zərurəti aradan qalxır.

Mənə dostlarım və tanışlarım vasitəsilə Azərbaycana qayıdıb Vətəndə işləmək mümkünlüyü ilə bağlı mesajlar daxil olub. Amma mən rəsmi olaraq məni cinayətkar hesab edən hakimiyyətə inana bilmərəm. Onlar bu cür razılaşmaları dəfələrlə pozublar.

- Avropa Məhkəməsindəki proses Azərbaycanın beynəlxalq imicinə təsir edəcək?

- Başa düşürəm ki, mənim şikayətlərim, çətin ki, Azərbaycanın beynəlxalq imicində nəyisə dəyişdirsin. Bu imic çox aşağı səviyyədədir. Tofiq Yaqublunun hadisəsi bunu təsdiq edir. Bu imicin necə düzəldiləcəyi barədə düşünmək lazımdır, bunun üçün mənim işimlə bağlı və digər məsələlərlə bağlı qərarlar qəbul edilməlidir ki, gələcəkdə yeni siyasi məhbuslar ortaya çıxmasın. Avropa Məhkəməsində belə proseslərə baxılması Azərbaycanda hüquqi vəziyyətin düzəldilməsi yolunda bir addımdır.

***

2015-ci ilin dekabrında Bakı Ağır Cinayətlər Məhkəməsi Mirqədirovu 6 il azadlıqdan məhrumetmə cəzasına məhkum edib. 2016-cı ilin martında Bakı Apellyasiya Məhkəməsi real cəza müddətini şərti cəza ilə əvəz edib.

İlkin həbsi zamanı ona vəkillərdən başqa heç kimlə telefonla danışmaq, görüşmək və yazışmaq icazəsi verilməyib.

Yerli məhkəmələr onun ilkin həbsi və məhdudiyyətlərlə bağlı apellyasiyalarını təmin etməyib.

2014-cü ilin iyulunda MTN və Baş Prokurorluğun yaydığı birgə bəyanatda heç bir məhkəmə qərarı olmadan Mirqədirovu erməni kəşfiyyatının casusu kimi təqdim ediblər.

Ərizəçi Azərbaycan hökuməti tərəfindən 5-ci (azadlıq və təhlükəsizlik hüququ), 6.2-ci (təqsirsizlik prezumpsiyası), 8-ci (şəxsi həyata və ailə həyatına hörmət hüququ), 10-cu (ifadə azadlığı hüququ) və 18-ci (hüquqların məhdudlaşdırılmasından istifadə hədləri) və Türkiyə hökuməti tərəfindən 5-ci və 10-cu maddələrdə nəzərdə tutulan hüquqlarının pozulmasını tanımağı xahiş edib.