Qvatemalada Konqres binasına basqın oldu

Eastnews.org-un verdiyi xəbərə görə, Mərkəzi Amerika ölkəsi Qvatemalada vətəndaş müharibəsi illərində xidmət etdikləri dövr üçün hökumətdən təzminat tələb edən yüzlərlə təqaüdçü hərbçi təhlükəsizlik qüvvələri ilə toqquşub.   Qvatemala mediası "La Prensa" xəbər verir ki, paytaxtın tarixi mərkəzində toplaşan təqaüdçü hərbçilərin başlatdığı yürüş günün ikinci yarısında polislə toqquşmaya çevrilib.   Aksiyalara qatılan keçmiş hərbçilərdən bəziləri polisə daş atmasından sonra təhlükəsizlik qüvvələri gözyaşardıcı qaz və su şırnağı ilə cavab verib.   Nümayişlər davam edərkən, bir qrup fəal Konqresin giriş qapılarını sındıraraq polisin müqavimətinə baxmayaraq binaya soxulub.   Konqres binasını iki saat zəbt edən nümayişçilər bəzi deputatların ofislərinə od vurub və parkdakı 3 avtomobili də yandırıblar.   Daxili İşlər Nazirliyi isə Qvatemala Respublikası Konqresində ilişib qalan bütün personalın təxliyə edildiyini Tvitterdə paylaşıb.   Bəzi etirazçıların saxlanıldığını açıqlayan nazirlik aktivistlərdən qanuna hörmət etmələrini istəyib.