Qərb nüvə danışıqlarındakı fürsətləri əldən verib – Şəmxani

“Amerika öhdəliklərinə əməl etməməklə və Avropa addım atmamaqla İranın xoşniyyətliliyindən irəli gələn fürsətləri aradan aparıblar”.

SalamNews-a istinadən Operativ.tv xəbər verir ki, bunu İranın Milli Təhlükəsizlik Ali Şurasının katibi kontr-admiral Əli Şəmxani rəsmi tvitter səhifəsində yazıb.

Nüvə danışıqlarındakı durğunluğa toxunan İranın yüksək çinli rəsmisi bildirib ki, Qərb İranın xoşniyyətliliyindən irəli gələn fürsətləri əldən verib.

“Vyanadakı nüvə danışıqları elə bir yerə çatıb ki, onun durğunluğu yalnız səhv etmiş tərəfin İranın təklif etdiyi məntiqli həll yoluna qayıtması ilə aradan qalxa bilər. Əgər qarşı tərəfin sazişə qayıtmaq istiqamətində ciddi fikri varsa o zaman razılıq əlçatan olar”, deyə Şəmxani əlavə edib.

Qeyd edək ki, Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə Ali rəsmisi Cozef Borrel ötən gün bildirib ki, İranla böyük dövlətlərin nüvə danışıqlarındakı durğunluq müddəti bitib və tərəflər Vyanada danışıqlarını davam etdirəcəklər.