Qorxularımıza necə qalib gələk?

Bağışlayan və Mehriban Allahın adı ilə

 

Qorxu fitri bioloji bir hissdir. İnsanın  uşaqlıqdan qorxduğu iki şeydir: Yüksək səs və Hündürlük qorxusu. Uşağa balaca ikən qorxmağı heç kim öyrətmir. Deməli fitrətdə var. Amma təyinatını bilmək lazımdır. Təyinatı ona görədir ki, insan cəzadan qorxsun. Yəni əbədi Aləmin cəzasından qorxsun və davranışlarına diqqət etsin. Amma əfsuslar olsun ki, bir çox hisslər kimi, qorxu da öz konteksindən çıxarılıb və lazımsız istiqamətdə istifadə olunur.

 

Qorxunun əsas 6 növü aşağıdakılardır:

  1. Kasıbçılıq qorxusu
  2. Qocalıq qorxusu
  3. Tənqid qorxusu
  4. Sevgini itirmək qorxusu
  5. Xəstəlik qorxusu
  6. Ölüm qorxusu

 

Tarix boyu insanlar bu qorxuların əlində giriftar olub. Zalımlar da bu qorxular vasitəsilə məzlumları incidib və kölə vəziyyətində saxlayıb. İnsanların əksəriyyətində bu altı qorxunun hamısı var. Bu yazını oxuyarkən siz də özünüzü yoxlaya bilərsiniz ki, hansı qorxular sizdə var.

 

Qorxunun ziddi cəsarətdir. Cəsur insan o deyil ki, qorxusu olmasın. Məharət qorxunu idarə etmək və onun düz üstünə getməkdir. Bu minvalla qorxu tədricən məhv edilə bilər. Başqa yolu yoxdur. Məşhur kəlamda deyildiyi ki, qorxunun üstünə get qələbə səninlədir.

 

Əlbəttə ki, qorxunu müalicə etmək asan və qısamüddətli bir proses deyil. Gərək illərlə əziyyət çəkib və onun üstünə gedəsən. Geri çəkilməyəsən. Əmin olasan ki, bu qorxu  qorxmalı olduğumuz ən qorxulu hissdir. Bizim canımızda qorxu olduğu müddətdə həyatımızı səhv istiqamətə yönəldəcəkdir. Amma qorxusuz həyat ləzzətli və zövqlüdür.

 

 

Tarixdə və günümüzdə diktatorlar cəmiyyətləri “Ölüm qorxu”suyla idarə etməkdədir. İnsanların çoxu məhz ölüm qorxusunu dəf etməkdə çətinlik çəkir. Bu da zalım diktatorlara fürsət yaradır ki, insanları istədiyi kimi idarə etsin və haqlarını yesin.

 

Dinimiz İslam da qorxu mövzusunu hər zaman diqqət mərkəzində saxlayır. Qurani Kərim, hədislərimiz ,124 min Peyğəmbərin( s.ə) və 12 İmamın(ə) həyatına baxsaq daim zülmkarlarla mübarizədə “qorxu” hissinin dəf olunmasından söhbət açılır. Peyğəmbərlər(s.ə) və İmamlar(ə) birmənalı şəkildə azad və qorxusuz insanlar olmuşlar. Əks halda onlar bu ilahi missiyaları icra edə bilməzdilər. Onların davamçıları da azad və qorxusuz insanlardır. Bu gün də belədir. Həmişə də belə olacaq.

 

 

Peyğəmbərlər(ə,s) və İmamlar(ə) insanları haqqa və Allahın yoluna dəvət etmək üçün birinci qorxudan azad olmalarına çalışıblar. Çünki zalım diktatordan qorxan Allahdan qorxmayacaq. Səbəbi isə budur ki, ondakı fitri qorxunun yerini diktator tutub. Amma insan əslində yalnız Allahdan qorxmalıdır. O mənada ki, Allahın şəriyyəti və sərhədlərini aşmasın, yer kürəsindı fitnə fəsad törətməsin və yaradılışın haqqına girməsin. Deməli belə çıxır ki, əslində insan öz əməllərinin aqibətindən qorxmalıdır. Şübhəsiz ki, Allah qorxulu deyil. Qorxulu olan insanın nəfsinin sərhədsizlik nəticəsində etdiyi tüğyandır. Bu dünya da mükafat və cəza sistemi üzərində qurulmuşdur. Necə ki, hərhansı bir müəssisədə nizam-intizam qaydalarına ehtiyac var. Şübhə yoxdur ki, bu əzəmətli aləmdə də yaşayış nizamına ehtiyac mütləqdir. Əks halda insan anarxist olar və heyvandan da aşağı səviyyəyə enər. Əgər öz davranışlarına , yaşam tərzinə diqqət etməsə və məsuliyyətsiz olsa.

 

Qorxu özündən savayı narahatlıq və şübhəni də bir araya gətirir. Sanki üçəm meydana gəlir. Qorxaq insan eyni zamanda həm narahat olur, həm də onu şübhə bürüyür. Bu hisslər də insanın həyatını məhv edir. Belə halda olanlar zahirdə diri olsalar da əslində ölürlər. Qorxaq insanların əksəriyyəti 40- 45 yaşlarında ölür fəqət 65-70 yaşlarında dəfn edilir.       

Halbuki insanın yaradılış fəlsəfəsi mübarizə və hərəkət üzərində qurulmuşdur. İnsan əsas iki düşməni olan nəfsi və İblislə(l.ə) mübarizə aparıb kamal həddinə çatmalıdır. Bu ilahi bir nizamdır. Əlbəttə ki, qorxaq insanlar mübarizə hisslərini zəiflədir. Bu minvalla ağıl işləməkdə çətinlik çəkir. İnsan həyatında verdiyi qərarları səhv verir və uçuruma yuvarlanır.

Bu həyatda hərhansı nailiyyət qazanan insanlar istisnasız bu vəya digər formada qorxularının üzərinə getmiş insanlardır. Əks halda heç bir uğurdan söhbət gedə bilməz.

 

 

Diqqətiniz üçün təşəkkür edirəm.

Vüsal Nadiroğlu

Sosial psixoloq

 

MBH İ/ H üzvü