Qlobal korrupsiya halları demokratik tənəzzül fonunda artmaqdadır

Transparency International qrupunun yeni təhlilinə əsasən, dünyanın bütün regionlarında müşahidə olunan insan hüquqları pozuntuları və demokratik tənəzzül fonunda korrupsiyaya qarşı mübarizə durğunlaşıb.

Korrupsiyanı Qavrama İndeksi Dünya Bankı daxil olmaqla onlarla mənbədən alınan məlumatlardan istifadə edərək 180 ölkəni dövlət sektorunda korrupsiyanın səviyyəsinə görə sıralayıb.

2021-il hesabatında göstərilir ki, ölkələrin 86 faizində son on ildə heç və ya çox az irəliləyiş olub. Dünya boyu 25 ölkə korrupsiyaya qarşı mübarizədə əhəmiyyətli irəliləyişlər əldə edib və onların indeksdəki sıraları yüksəlib.

“Ancaq heç bir əhəmiyyətli iləliyəyişin olmadığı yerlər Yaxın Şərq və Şimali Afrikadır,” Transparency International-dan Roberto Kukutçka bildiirb.

Bir neçə Qərb demokratiyası, o cümlədən Birləşmiş Ştatlar, Kanada və Avstraliya sıralamada geriləyib.

“Bu, indeksin başında gələn ölkələrin institutlarının qayğısına qalmalı, korrupsiya məsələsinə diqqət yetirməli olduqlarına dair çağırışdır, çünki məncə itirdiyin bir şeyi yenidən inşa etmək əlində olanı qoruyub saxlayıb və təkmilləşdirməkdən daha çətindir. Bundan əlavə dezinformasiya və saxta xəbərlərin yayılması da olun ki, bu, məncə, korrupsiya əleyhinə mübarizənin əsas nəzarətçiləri olan media və mətbuatın etibarlılığını zəiflədib,” Roberto Kukutçka deyib.

Avropa İttifaqı üzvləri Polşa və Macarıstanda da kəskin geriləmələr müşahidə olunub.

“Biz mətbuat azadlığına, akademik azadlıqlara qarşı təqiblərin olduğunun şahidi olduq, bəzi universitetlər hətta ölkəni tərk etməli oldular,” Roberto Kukutçka bildirib.

Münaqişələrin viran qoyduğu Somali, Suriya və Cənubi Sudan indeksin ən aşağı pillələrində qərargahlanıb.

Malidə isə korrupsiya halları hərbi çevrilişlər nəticəsində artıb.

Filippində də Prezident Rodriqo Dutertenin rəhbərliyi altında korrupsiya, habelə ifadə azadlığına qarşı təqiblərdə böyük artım baş verib.

Eynilə, Venesuelada da Prezident Nikolas Maduronun rəhbərliyi altında korrupsiya hallarında kəskin artım müşahidə olunub.

Buna baxmayaraq bəzi irəliləyişlər də mövcuddur, ələlxüsus da Baltikyanı ölkələr olan Estoniya və Latviyada, eləcə də Ermənistanda.

“Orada köhnə hökumət bir neçə il öncə vətəndaş etirazları nəticəsində devrildi və indi korrupsiyaya qarşı mübarizəyə sadiq olan daha islahatçı hökumət var,” Roberto Kukutçka söyləyib.

Transparency International məlumatlar əsasında açıq tendensiyanın olduğunu müəyyən edib. Belə ki, hüquq və azadlıqlar aşındıqca, demokratiya tənəzzül etdikcə, yerini avtoritarizm tutur və bu da korrupsiya səviyyəsinin artmasına gətirib çıxarır.

Amerikanın səsi.