Qlobal böhranda Azərbaycanı nə gözləyir?

Beynəlxalq Valyuta Fondunun (BVF) icracı direktoru Kristalina Giorgievanın BVF və Maliyyə Komitəsinin direktorlar şurasının görüşündən sonra mətbuata verdiyi açıqlmasında qlobal böhranın başladığını elan etdi. O çıxışında bildirdi ki, biz 2020 və 2021-ci illərin artım perspektivlərini nəzərdə keçirdik və bəlli oldu ki, dünya iqtisadiyyatı artıq tənəzzülə qədəm qoyub, bu dəfəki böhranın 2009-cu ildən pis və ya daha pis olacağı gözlənilir. O qeyd edib ki, 2021-ci ildə tənəzzüldən çıxma virusun dünya miqyasında nə zaman dayanırılmasından asılı olacaq. COVİD-19-la mübarizə üçün BVF-nin fövqəlada fondunun 2 dəfə artırılması qərarını verən direktorlar şurasının üzvlərinin əsas narahatlığı dünya iqtisadiyyatının qəfildən dayanmasının yaratdığı ödəmə qabliyyəti probleminin likvidliyə təsiridir. Onun yaratdığı müflisləşmə dalğası iqtisadiyyatın bərpa olunması prosesinin ləngitləkməklə yanaşı, cəmiyyətin strukturunu da dağıda bilər. BVF-nin direktoru bildirib ki, hazırda inkişaf etməkdə olan bazarların maliyyə ehtiyacı 2,5 trilyon dollar qiymətləndirirlir. Onun fikrincə, xarici valyutanın əsas axının təşkil edən turizmin, malların ixracının dayanması qlobal tələbdə şoklar yaradır. O eyni zamanda xammal ixrac edən ölkələrin qiymət şoklarından ciddi təsirlənəcəyini də bəyan edib. Kristina Giorgiyeva hesab edir ki, dünya iqtisadiyyatında tənəzzülün davamlılığı və dərinliyi iki faktordan asılı olacaq: virusun dayandırılmasından və böhrana reaksiyanın effektiv kordinasiya edilməsindən.

Bununla yanaşı, Moody's İnvestisiya xidməti COVID-19 pandemiyasının təsirlərinə dair hesabat açıqlayıb və həmin hesabatda "Böyük İyirmilik" (G20) iqtisadiyyatı üçün 2020-ci il üzrə proqnozları yenilənib. Agentlik cari ildə dünya iqtisadiyyatının 45 faizini özündə birləşdirən bu ölkələr üzrə ümumilkdə 0.5 faiz kiçilmə proqnozlaşdırır. Moody's İnvestisiya xidmətinin çox mühafizəkar və nikbin xarakter daşıyan ssenari üzrə qiymətləndirməsində G20-nin 13 ölkəsində - Argentina: (-3.9%), Meksika: (-3.7%), Almaniya: (-3.0%), İtalya: (-2.7%), Birləşmiş Krallıq: (-2.6%), CAR: (-2.5%), Yaponya: (-2.4%), Kanada: (-2.2%), ABŞ: (-2%), Brazilya: (-1.6%), Fransa: (-1.4%), Türkiyə: (-1.4%) - ÜDM istehsalında azalma, 6 ölkəsində - İndoneziya (+3,7%), Çin (+3,3%), Hindistan (+2,5), Səudiyyə Ərəbistanı (+1,5), Rusiya (+0,5), Cənubi Koreya (+0,1) artım - 1 ölkədə - Avstaliyada isə iqtisadiyyatda nə artım, nə də tənəzzül proqnozlaşdırılıb.

ABŞ-ın Standard&Poor’s (S&P) beynəlxalq kredit agentliyi isə Azərbaycanın suveren reytinqini BB+ səviyyəsində saxlanıb. Bu səviyyə beynəlxalq kredit agentliklərində investisiya reytinqli ölkə statusunda olmayan Azərbaycanda kredit risklərinin artması fonunda onu idarə etmək üçün alternativ resursa çıxış imkanlarının mövcud olmasını özündə ehtiva edir. S&P-nin hesabatında diqqəti çəkən məqamlardan biri də dünya bazarında neftin qiymətinin uzunmüddətli dövrdə ucuz olmasının manatın dollara nəzərən məzənnəsində dəyişikliyə gətirib çıxaracağıdır. S&P hesab edir ki, Azərbaycan hakimiyyəti 2015-ci ildən fərqli olaraq hazırda valyuta ehtiyatlarını itirilməmək üçün belə addım ata bilər. Bu addımın atılmasını şərtləndirən başqa amillərə gəlincə, S&P-nin qiymətləndirməsinə görə, bu il tədiyyə balansının cari hesabında gözlənilən defisit ÜDM-nin 7.5%-i səviyyəsində proqnozlaşdırır. Halbuki İqtisadiyyat Nazirliyinin proqnozlarına görə, 2020-ci il üzrə cari əməliyyatlar balansında 2,5 milyard ABŞ dolları və ya ÜDM-in 5,2 faizi səviyyəsində profisit gözlənilirdi.

Azərbaycanda iqtisadi artım üçün təhlükə yalnız COVİD-19 təsirindən yaranmış məhdudiyyətlərlə bağlı deyil, həm də dünya xammal bazarındakı qiymət şokundan yaranıb. Bir tərəfdən turizm, qonaqlama, əyləncə və maarifləndirmə sənayesini demək olar ki, 100 faiz dayandıran COVİD digər tərəfdən də ticarət, xidmət və ictimai iaşə sektorunda alıcılıq qabliyyətini kəskin aşağı salıb. Bununla yanaşı, dünya bazarında neftin qiymətinin ucuzlaşması səbəbindən ixrac gəlirlərindən gözlənilən valyuta hasilatının 5 dəfəyədək azalması, eləcə də qeyri-neft məhsullarının beynəlxalq ticarətindəki məhdudiyyətlər yalnız ÜDM-in artımına deyil, həmçinin maliyyə axınlarına da neqativ təsir göstərir. Belə ki, 2020-ci ildə ÜDM-in 34,5 faizinin neft sektorunda, 65,5 faizinin isə qeyri-neft sektorunda formalaşacağı gözlənilirdi.

Bundan başqa, kiçik biznesin (səyahət bürolarının, restoranların, tədbir təşkil edən agentlərin, sərnişin daşınma xidmətinin, xırda ticarət və xidmət obyektlərinin) fəaliyyətini dayandırması işsizlik və yoxsulluq göstəricilərinin pisləşməsini şərtləndirib. Heç şübhəsiz ki, bu obyektlərdə çalışanların böyük əksəriyyəti iş yerlərini itirəcək və yoxsullar siyahısına əlavə olunacaq.

Bu dövrdə COVİD-19-la mübarizə məqsədilə dövlət resurslarından istifadə fiskal xərclərin də artımını şərtləndirib. Dövət büdcəsindən bu məqsədlə ayrılan 1 milyard manat vəsaitin iqtisadiyyatın qarşılaşdığı iri həcmi problemlərin həllində maliyyə təminatı üçün yetərli rol oynaması şübhəli görsəndiyindən, əlavə xərclər fiskal dayanıqlığa risklər yaradacaq.

Bütün bunlar 2020-ci ildə İqtisadiyyat Nazirliyi tərəfindən Azərbaycan iqtisadiyyatı üçün proqnozlaşdırılan 3 faizlik artımın hətta tənəzzül səviyyəsinə qədər azalacağı qənaətinə gəlməyə əsaslar yaradır. Çünki, İqtisadiyyat Nazirliyi cari ilin iqtisadiyyatının sektorlar üzrə inkişafında informasiya və rabitədən sonra ən yüksək artımı turistlərin yerləşdirilməsi və ictimai iaşədə (6 faiz) proqnozlaşdırmışdı. Bu sektor xüsusilə də karantin şəraitində fəaliyyətini əsasən dayandırmq məcburiyyətindədir.

Azərbaycanda on-line xidmətlərin və ticarətin inkişaf etməməsi hazırkı vəziyyətdən çıxış yollarını daha da daraldır. Ödəniş sistemlərində nağdsız əməliyyatların tətbiqinin məhdudluğu, rəqəmsal iqtisadi sistemin və infrastrukturun zəifliyi, elektron idarəçiliyin aşağı səviyyəsi gizli iqtisadiyyat və korrupsiya ilə müşahidə olunan milli iqtisadiyyatın xammal bazarındakı qiymət şoklarından asılılığı şəraitində problemdən çıxış yollarını xeyli daraltmışdır. Bütün bunların üzərinə qlobal böhrandan qaynaqlanan problemlərin əlavə olunması hökümətdən çevik və düzgün qərarların qəbulunu tələb edir.