“Qardaşımın ölümündə icra hakimiyyəti günahkardır”

“Qardaşımın və onunla birlikdə kranın üstündə olan bir fəhlənin faciəsindən sonra tələsik ortalığı təmizləyib, Prezidenti qarşıladılar. Sonra da rayon prokurorluğuna göstəriş verdilər ki, iki nəfərin ölümü ilə nəticələnən hadisə ört-basdır edilsin”.

Bu il mayın 25-də TƏBİB Şamaxı rayonunda iş şəraitində baş vermiş və ölümlə nəticələnən bir hadisə barədə məlumat yayıb. Məlumatda qeyd olunub ki, həmin gün səhər saatlarında ehtiyatsızlıqdan hündürlükdən yıxılma nəticəsində 2 nəfər xəsarət alıb. Şamaxı rayonu Quşçu kənd sakini 29 yaşlı Surət Heybətov, Şamaxı şəhər sakinləri – 22 yaşlı Zaur İsgəndərov və 61 yaşlı Sərdar Fərəcov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Onlardan birinin – Surət Heybətovun vəziyyəti ağır olduğundan, müalicə üçün Bakıya göndərilərkən yolda həyatını itirib.

“Prezident gələcəkdi, qardaşım da işə cəlb olunmuşdu”

Surət Heybətovun qardaşı Gündüz Heybətov Meydan TV-yə müraciət edərək hadisənin təfərrüatları barədə danışıb və məsələnin ictimailəşdirilməsini istəyib. O, hadisə zamanı yaralanmış fəhlələrdən birinin də sonradan öldüyünü deyir.

Gündüz Heybətov danışır ki, qardaşı Surət Heybətov Şamaxı avtovağzalındakı oteldə administrator işləyirmiş. Mayın 25-də Prezident İlham Əliyevin Şamaxıya gəlişi ilə əlaqədar rayon icra hakimiyyəti ölkə başçısının keçəcəyi ərazilərdə təmizlik işləri aparılması işlərinə onu da cəlb edib. Həmin gün səhər təxminən saat 8-ə 15 dəqiqə qalmış Surət fəhlələrlə birlikdə Şamaxının girəcəyindəki “Şamaxı” restoranının qarşısındakı reklam lövhəsini sökürmüş. Buna görə qaldırıcı kranla hündürlüyə qalxıblar, kran aşıb, o və digər iki fəhlə ağır yaralanıb.

“Başçı bircə dəfə də ailəmizlə maraqlanmadı”

Gerisi necə baş verib, qardaşı Gündüz Heybətovdan dinləyək:

“O işləri görmək mənim qardaşımın vəzifəsinə daxil olmayıb. Onu kömək etmək üçün ora göndəriblər. Kran da icra hakimiyyətinin olub. Qardaşım və o biri fəhlələr ağır yaralanandan sonra Şamaxı xəstəxanasına götürülüblər. Hadisə yerini də təmizləyiblər ki, heç kim bilməsin. Təxminən 2 saat sonra qardaşımın yıxılıb ölümcül xəsarətlər aldığı yerdən 100 metr aralıda Prezident çıxış edib. Videolara diqqətlə baxsanız, aydın görərsiz, Prezidentin dayandığı yerdən, ağacların arasından həmin şadlıq evi görünür. Tələsik şadlıq evinin üzərindəki adı yazılan lövhəni çıxartdırıblar ki, Prezident keçəndə görməsin. Qardaşım deyib, mən heç vaxt krana çıxmamışam, bacardığım iş deyil, məcbur ediblər ki, çıx”.

Gündüz Heybətovun sözlərinə görə, Surəti Şamaxı Mərkəzi Xəstəxanasına götürəndə ailəyə bildirilib ki, bədəninin bir neçə yerində sınıqlar var və Bakıda götürülməlidir:

“Bakıya Travmatologiya Xəstəxanasına çatdırdıq, dedilər ki, yaralıda daxili qanaxma var, bizlik deyil, “Semaşko”ya aparın. Biz də “Semaşko”ya apardıq. Orada dedilər, artıq gecdir, daxili qanaxmadan öldü. Bizi əvvəl inandırdılar ki, işə ədalətli baxılacaq. İş rayon prokurorluğundadır. Əvvəllər icra başçısının köməkçisi evimizə gəlib gedirdi, deyirdi, başçı özü də gələcək, ailəni görəcək. Ancaq gəlmədi. İki aya yaxın vaxt keçir, bir də xəbər tutduq Prezident Administrasiyasından prokurorluğa göstəriş verilib ki, heç kim cinayət məsuliyyətinə cəlb olunmasın, iş ört-basdır edilsin, səsi də çıxmasın. Biz isə qardaşımın qanının batmasını istəmirik. Bu işdə kim günahkardırsa, cəzalandırılmasını tələb edirik. Təkcə qardaşım deyil, rayon sakini olan digər fəhlə də ölüb, onun da ailəsi şikayətçidir”.

“Araşdırmalar davam edir”

Şamaxı Rayon İcra Hakimiyyətindən Meydan TV-yə yalnız o bildirilib ki, məsələ ilə bağlı rayon prokurorluğunda araşdırmalar hələ ki davam edir, günahkar kimdirsə, istintaq orqanı ortaya çıxaracaq, məhkəmə də cəzasını kəsəcək. Rayon prokurorluğu isə deyir, şahidlər dindirilib, ekspertiza rəyi prokurorluğa daxil olmadığına görə araşdırma hələ başa çatmayıb. Ailənin Prezident Administrasiyası tərəfdən prokurorluğa təzyiq, göstəriş verməsi ilə bağlı deyilənləri isə prokurorluq təkzib edib.