Qardahi: Livan böyük hiylə ilə üz-üzədir

Eastnews.org-un verdiyi xəbərə görə, Livanın informasiya naziri Yəməndə müharibənin dayandırılmasının zəruriliyi ilə bağlı əvvəlki açıqlamalarını bir daha müdafiə edərək bildirib ki, mən səhv bir şey deməmişəm və inanıram ki, Livan böyük bir hiylə ilə üz-üzədir.   Livanın İnformasiya naziri Corc Qardahi Beyrut və Riyad arasındakı gərginliklə bağlı son mövqeyini açıqlayıb.   Məlumata görə, Livanın informasiya naziri deyib:   "Mən səhv bir şey demədim və sadəcə Yəmən müharibəsinin bitməsini istədim. Mən günah işlətmişəm? Əlbəttə yox. Livan hökuməti yarandığı gündən daxili və xarici təxribatlarla üzləşib. Bəziləri deyir ki, bu hökumət Hizbullahdır, amma bu, qətiyyən belə deyil. Hazırkı hökumət bütün Livana məxsusdur. Hətta Səudiyyə Ərəbistanının xarici işlər naziri də açıq şəkildə etiraf etdi ki, Riyadın Livanla problemi informasiya nazirinin səlahiyyətlərindən kənara çıxır. Livanlıların əksəriyyəti istefa verməyimi istəmir. Bu, bəzi siyasi və daxili cərəyanların mənim istefamın vacibliyini vurğuladığı bir vaxtdır. Mən vəzifə axtarmıram, amma dəfələrlə vurğulamışam ki, əgər mənim istefam Livan və Körfəz ölkələri arasındakı böhranın tam həllinə çevrilərsə, istefa ərizəmi verməkdən çəkinməyəcəyəm. Bu gün biz Livan hökumətinə qarşı sərsəm kampaniyanın şahidiyik. Livan indi böyük bir hiylənin qarşısındadır, bundan sonra daha ətraflı danışacağam. Əgər mənim istefam bu sərsəm kampaniyanı dayandırarsa, mən bunu mütləq edəcəm".