Qardabani şəhərində Məhəmməd Peyğəmbərin mövludu münasibətilə bayram tədbiri keçirilib

Qardabani şəhərinin “Marağa” məscidində əziz Peyğəmbərimiz Həzrət Məhəmməd (s) və İmam Cəfər Sadiqin (ə) mübarək təvəllüd günləri münasibətilə mərasim keçirilib...

 Qardabani şəhərinin “Marağa” məscidində əziz Peyğəmbərimiz Həzrət Məhəmməd (s) və İmam Cəfər Sadiqin (ə) mübarək təvəllüd günləri münasibətilə mərasim keçirilib.

İnterAz SalamNews-a istinadən xəbər verir ki, mərasimdə tələbələr və ata valideyinini itirmiş uşaqlar, onların anaları, din xadimləri və inanclı gənclər iştirak edib.

İlahiyyatçı Vidadi Qurbanovun Qurani Kərimdən ayələrin tilavəti ilə açıq elan olunan mərasimdə Gürcüstan müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov, Gürcüstan Ruhaniləri Heyətinin üzvü Hacı Namiq Hüseynov, məscidin axundu Məşədi Rasim Qasımov, təbrizli din alimi höccətül-islam Həsən Yusifzadə çıxış ediblər.

Çıxış edənlər öncə Hz. Məhəmməd Peyğəmbərin (s) və İmam Sadiqin mübarək mövludu və Vəhdət günləri münasibəti ilə iştirakçıları təbrik edib, Peyğəmbərimizin (s) fəzilətli məqamı, örnək insani keyfiyyətləri və dəyərli kəlamlarından, gətirdiyi İslam dininin əsas missiya və mahiyyəti haqqında geniş danışıblar .

Mərasimdə Əhlibeyt məddahı Səid Həsən Peyğəmbər (s) eşqini tərənnüm etdirən nəğmələr və ilahilər oxuyub.

Mərasimin sonunda uşaqlara hədiyyələr və 14 məsumun həyatından bəhs edən proşurlar təqdim olunub.