Qarabağda bir sıra məktəb və xəstəxanaların inşası İran şirkətlərinə həvalə edilib – Səfir

“Qarabağda bir sıra məktəb və xəstəxanaların inşası İran şirkətlərinə həvalə edilib. Həmçinin əməkdaşlıq üçün yaxşı fürsətlər mövcuddur.”

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın İrandakı Səfirliyinin tvitter səhifəsi paylaşım edib.

Bildirilib ki, Azərbaycanın səfiri Əli Əlizadə bunu İran rəsmilərilə görüşü zamanı deyib.

Əli Əlizadə İran şirkətlərini Qarabağda sərmayə qoymağa çağırıb və eyni zamanda bir sıra məktəblərin və xəstəxanaların inşasının İran şirkətlərinə həvalə edildiyini bildirib.

“Azərbaycan və İran xalqları arasında böyük əlaqələrə malik iki yaxın, qardaş və dost ölkədir və Azərbaycan Respublikasının prezidenti də İranla əlaqələrə və onun möhkəmləndirilməsinə böyük əhəmiyyət verir", deyə səfir əlavə edib.

Qeyd edək ki, səfir son günlərdə İranın Yol və Şəhərsalma naziri, eləcə də İranın Ticarət, Sənaye, Mədən və Kənd Təsərrüfatı Palatasının sədri ilə görüşərək, iki dövlət arasında əməkdaşlığa dair imzalanmış sənədlərin icrasını müzakirə edib.