Qarabağa qayıdacaq məcburi köçkünlər üçün güzəştlər ediləcək

"İşğaldan azad olunmuş ərazilərdə bərpa işlərinin mərkəzləşdirilmiş qaydada həyata keçirilməsi üçün Prezidentin sərəncamı ilə Əlaqələndirmə Qərargahı yaradılıb”.
 
Bunu yanvarın 8-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov Yeni TV-yə açıqlamasında deyib.
 
Dövlət rəsmisi bildirib ki, həmin qərargahda idarələrarası mərkəz formalaşdırılıb: "Bu mərkəz nəzdində 16 İşçi Qrup yaradılıb. Bu İşçi Qruplar tərəfindən Strateji Fəaliyyət Planı əsasında hazırlanacaq tədbirlər planında həmin ərazilərə qayıdan məcburi köçkünlərə hansısa imtiyazlar, güzəştlər edilməsi məsələləri əksini tapacaq. Bununla bağlı qərarlar qəbul olunacaq və ictimaiyyətə məlumat veriləcək”.
 
Sədr müavini qeyd edib ki, işğaldan azad olunmuş ərazilərə qayıtmaq üçün ilkin mərhələdə Qarabağdan olan, məcburi köçkün və qaçqın statusu olan insanlara üstünlük veriləcək: "Gələcəkdə daimi məskunlaşma yekunlaşandan sonra hər bir ölkə vətəndaşının ölkəmizin müxtəlif şəhər və rayonlarında mülkiyyət əldə etmək hüququ olduğu kimi, bu ərazilərdən də torpaq almaq hüququ olacaq”. 
 
Qarabağa qayıdışın tarixinə aydınlıq gətirərkən Fuad Hüseynov deyib ki, bu, çoxşaxəli və mürəkkəb prosesdir.
 
"İşğal altında olan ərazilərdə demək olar ki, bütün infrastruktur, yaşayış məntəqələri tamamilə dağıdılıb, daş üstündə daş qalmayıb. Ərazilərin böyük hissəsi minalanıb. Növbəti addım həmin əraziləri həm minalardan, həm partlamamış hərbi sursatlardan, həm də radioaktiv bioloji, kimyəvi və digər maddələrdən təmizlənməlidir. Bundan sonra infrastrukturun qurulmasına başlanılacaq. Artıq bu sahədə Prezidentin tapşırığına uyğun işlər başlanılıb, yollar çəkilir, müvafiq göstərişlər verilib. Su, enerji, qaz təchizatı təmin olunandan, şəhərlərin və rayonların yenidən salınmasından sonra artıq məcburi köçkün və qaçqınlarımızın qayıdışından söz açacağıq”, - Fuad Hüseynov söyləyib.