“Qarabağ məhbusları”nın işi bölündü, bir nəfər axtarışa verildi

Məhkəmə gələn aya təyin edildi

Tovuz hadisələri dövründə Bakıda keçirilən "Orduya dəstək" yürüşüylə əlaqədar həbs olunan və şərti olaraq, “Qarabağ məhbusları” adlandırılan 37 nəfərin işinə məhkəmə üç ayrı qrupda baxacaq. Fevralın 24-də Bakı Apelyasiya Məhkəməsinin binasında Səbail Rayon Məhkəməsinin sədri Ağamalı Qafarov bu qərarı elan edib.

Təqsirləndirilən şəxslər sırasında 15 nəfər AXCP fəalı da var.

Qrupların hər birində 12 nəfər təqsirləndirilən şəxsin işinə baxılacaq. Çünki təqsirləndirilən şəxslər ötən ilin noyabr-dekabr aylarında ev dustaqlığına buraxılandan sonra onlardan biri – Müşfiq Vahabov çağırışlardan yayınıb. Ev dustaqlığında olduğu müddətdə nəzarət məqsədilə ayağına elektron qolbaq qoşulması üçün polis orqanlarının, həmçinin məhkəmənin çağırışlarına gəlməyib. Onun yeri bəlli olmadığından haqqında axtarış qərarı çıxarılıb.

Fevralın 23-də bu iş üzrə məhkəmənin hazırlıq iclasında vəkillər “Qarabağ məhbusları” haqqında cinayət işinə xitam verilməsi, onların ayaqlarına vurulmuş qolbaqların ağrı verdiyinə görə dəyişdirilməsi, yaxud da ev dustaqlığının polis nəzarətinə vermə qətimkan tədbiri ilə əvəzlənməsi haqda vəsatətlər qaldırmışdılar. Bu vəsatətlərin heç biri təmin edilməyib.

Birinci qrupun məhkəməsi martın 4-nə, ikinci qrupun işi martın 5-nə, üçüncü qrupda isə martın 9-na təyin edilib.

Bu cinayət işi üzrə təqsirləndirilən şəxslər sırasında AXCP-nin 15 fəalı ilə yanaşı, Naxçıvan Daxili İşlər nazirinin sabiq müavini Səyavuş Mustafayev, Azərbaycan Demokratiya və Rifah Hərəkatının, "Müsəlman Birliyi" Hərəkatının da üzvləri var.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 127 (qəsdən sağlamlığa az ağır zərər vurma), 186 (əmlakı qəsdən məhv etmə və ya zədələmə), 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak) və 315 (hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə) maddələrilə ittiham irəli sürülüb.

AXCP bu ittihamların saxta olduğunu, üzvlərinin siyasi sifarişlə məsuliyyətə cəlb edildiyini bəyan edib. Partiyadan bildirilib ki, təqsirləndirilən cəbhəçilərdən bir neçəsi (AXCp Rəyasət Heyətinin üzvləri Fuad Qəhrəmanlı, Məmməd İbrahim, Bəxtiyar İmanov və s.) ümumiyyətlə o yürüşdə iştirak etməyib.