“Qalatasaray”ın sabiq futbolçusu Ahmet Çalık qəzada ölüb

Türkiyə futbolunda bədbəxt hadisə baş verib.

Apasport.az saytının məlumatına görə, Türkiyə millisinin sabiq futbolçusu Ahmet Çalık avtomobil qəzasında ölüb.

Hadisə səhər saatlarında baş verib. “Konyaspor”da çıxış edən 28 yaşlı müdafiəçi Ankara-Niğde yolunda idarə etdiyi avtomobilin nəzarətini itirib və maşın yolun kənarına aşıb. Təcili tibbi yardım hadisə yerinə gəlsə də, futbolçunun həyatını xilas etmək mümkün olmayıb. Qəza zamanı müdafiəçi avtomobildə tək olub.

Qeyd edək ki, “Gənclərbirliyi”nin yetirməsi olan Ahmet Çalık 2017-2020-ci illərdə “Qalatasaray”ın formasını geyinib. O, 2020-ci ilin sonunda İstanbul nəhəngindən “Konyaspor”a keçib. Türkiyənin aşağı yaş qrupu üzrə bütün yığmalarında çıxış etmiş Çalık 2015-2017-ci illərdə əsas millinin heyətində 8 oyun keçirib.