Pullu təşviqata 16 media qurumu qoşulub

Martın 7-dək 16 media qurumu 11 aprel prezident seçkisinin ödənişli təşviqatına qoşulmaq qərarı çıxarıb. Toplum Tv-nin  məlumatına görə, onların 7-si sayt, 6-sı qəzet, 2-si agentlik, 1-i televiziyadır.
 
Ödənişli təşviqata qoşulmaq istəyən media qurumları Mərkəzi Seçki Komissiyasına bildirişlər göndərməli, ödənişin əsasları, şərtləri və məbləği barəsində məlumatları seçkinin təyin edilməsi haqqında qərarın rəsmi dərcindən sonra ən geci 30 gün keçənədək dərc etməlidirlər.
 
MSK seçkini fevralın 6-da elan edib. Martın 7-dək Report.az, Moderator.az, Cəbhə.info, Avropa.info, Aktual.az, Big.az, Sonxeber.az saytlarından bildiriş alınıb.
 
Bildiriş verən qəzetlər bunlardır: "Cümhuriyət”, "Olaylar”, "Səs”, "Palitra”, "Azərbaycan”, "Xalq qəzeti”.
 
"Səs” və "Olaylar” informasiya agentlikləri, İctimai Televiziya və Radio Yayımları Şirkəti də ödənişli təşviqatda iştirak qərarı veriblər.
 
Ödənişsiz təşviqat İctimai Televiziya və Radio Yayımları Şirkətində, "Azərbaycan”, "Bakinski raboçi” qəzetlərində və "Xalq qəzeti”ndə aparılacaq.