Prokuror Əli Həsənovun yaxınına 11 il həbs cəzası istəyib

Turan: Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçmiş icraçı direktoru Vüqar Səfərlinin və bir sıra digər təqsirləndirilən şəxslərin cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində gedən proses başa çatır.

Bu gün prosesdə dövlət ittihamçısının yekun çıxışı olub.

O, məhkəmədən Səfərlinin  3 il ərzində dövlət orqanlarında vəzifə tutması qadağan edilməklə 11 il müddətinə azadlıqdan məhrum olunmasını xahiş edib.

Prokuror digər müttəhimlər: Nadir Məmmədov, Bünyamin İsmayılov, Telman Tahirov, Ədalət Vəliyev, Namiq Hacıyevin 7 il azadlıqdan məhrum edilməsini, Təmkin Xəlilov, Valeh Orucov, Şahin İbrahimov və Bəxtiyar Fətullayevin 2 il müddətinə azadlıqdan məhrum olunmsını təklif edib.

Prokuror məhkəmə istintaqı müddətində azadlıqda olan müttəhimin barəsində həbs qətimkan tədbirinin seçilməsini təklif edib.

O, digər müttəhim Təhmin Yaqubovun altı il şərti mühakimə olunmasını xahiş edib.

Bundan əlavə, dövlət ittihamçısı Medianın İnkişafı Agentliyi tərəfindən verilmiş mülki iddianın təmin olunmasını təklif edib.

Dekabrın 14-də növbəti məhkəmə iclasında vəkillər yekun çıxış edəcəklər, sonra isə müttəhimlər özləri son sözlə çıxış edəcəklər.

İttiham aktına əsasən, Səfərli bir neçə vəzifəli şəxslə əlbir olaraq dövlət vəsaitlərini mənimsəyib, işlərin həcmini artıraraq 18 milyon 500 min manat oğurlayıb.

Fiqurantlara qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı) və digər maddələrlə ittiham irəli sürülüb.

Prezidentin 4 aprel 2020-ci il tarixli sərəncamı ilə Səfərli Fondun icraçı direktoru vəzifəsindən azad edilib. Bu il yanvarın 14-də həbs edilib.

Aylarla davam edən məhkəmə prosesi zamanı prezidentin keçmiş köməkçisi Əli Həsənovun və onun ailə üzvlərinin maliyyə pozuntularına bağlılığına dair faktlar üzə çıxıb.

Əsasən Səfərliyə qarşı irəli sürülən ittihamın epizodlarından biri  Mətbuat küçəsi, 23 L ünvanındakı inzibati binada ofis icarəsi haqda müqaviləyə aid olub.

Səfərli təsdiqləyib ki, icarəyə götürülən bina prezidentin keçmiş köməkçisi Əli Həsənova məxsusdur və  9 il ərzində orada ofisin şişirdilmiş qiymətə icarəyə verilməsini təklif edib.

Bu bina Həsənovun xanımı Sona Vəliyevaya məxsus «Kaspi.az» məhdud məsuliyyətli cəmiyyətin təsisçisi olduğu "Azərmətbuatyayım" firmasının balansında olub.

2019-cu ildən Əli Həsənovun tapşırığı ilə Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu orada 421 kvadrat metr sahəsi olan daha bir otaq icarəyə götürüb. Səfərlinin etirafına görə, yeni müqaviləni Əli Həsənovun oğlu Şamxal Həsənovla imzalayıb, çünki bina onun adına sənədləşdirilmişdi.

Əli Həsənovun göstərişilə orada "blogerlər qrupu" yerləşdirilib. Qrup sosial şəbəkələrdə hökuməti və məmurları tənqid edən materiallara şərh yazmaqla məşğul olub.