Prokuror "İdeal"ın sabiq rəhbərinə 8 il həbs cəzası istəyib

Bakı Ağır Cinayətlər Məhkəməsində “İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

APA-nın məlumatına görə, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror çıxışında təqsirləndirilən şəxsə verilmiş ittihamların məhkəmə istintaqı zamanı sübuta yetirildiyini qeyd edərək İlqar İsmayılovun 8 il azadlıqdan məhrum edilməsini tələb edib. Dövlət ittihamçısı bildirib ki, İ. İsmayılov 3 il dövlət orqanlarında vəzifə tuta bilməz. Həmçinin onun üzərinə həbs qoyulmuş əmlakı da müsadirə edilməlidir.

Vəkillər müdafiə çıxışı üçün vaxt istəyiblər.

Qeyd edək ki, İ.İsmayılov 2011-2017-ci illərdə tutduğu vəzifəsindən sui-istifadə edərək 680 min manata yaxın məbləğdə pul vəsaitini mənimsəməkdə təqsirləndirilir.

Ona Cinayət Məcəlləsinin 179.3.2-ci və 308.2-ci maddələri ilə ittiham elan edilib, Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.