Polis Tofiq Yaqubluya dəstək aksiyasının onlarla iştirakçısını saxlayıb - Video

Polis müxalifətçi siyasətçi Tofiq Yaqublunun azadlıqdan məhrum edilməsinə etiraz olaraq keçirilən bugünki aksiya ilə əlaqədar yüksək təhlükəsizlik tədbirləri həyata keçirib.

Sosial şəbəkələr vasitəsilə aksiya saat 15:00-da Konstitusiya Məhkəməsi binasının qarşısında təyin edilmişdi. Lakin o vaxta qədər KM-in binasına girişlər gücləndirilmiş polis dəstələri və DİN çevik alayının qüvvələri tərəfindən bağlanıb.

Bununla əlaqədar etirazçılar Azərbaycan prospektində “Monolit” binasının qarşısında toplaşmağa qərar veriblər. Amma polis “Tofiq Yaqubluya azadlıq!” şüarını səsləndirənləri və ya geyimində onun təsviri olan şəxsləri dərhal saxlayıb.

Saxlanılanları avtobusa və post-patrul maşınlarına oturdaraq aparılıblar.

Sonra polis jurnalistlərə müsahibə verənləri də saxlamağa başlayıb.

Saxlanılanlar arasında T.Yaqublunu qızı Nigar Həzi, ictimai fəallar Bəxtiyar Hacıyev, Bəhruz Səmədov, qadın fəallar Gülnarə Mehdiyeva, Vəfa Nağı, Rəbiyyə Məmmədova və Nərmin Şahmarzadə, bloqer Fatimə Mövlamlı, AXCP üzvü Mətanət Məhmərzəyeva, NİDA üzvləri Ülvü Həsənli, Rüstəm İsmayılbəyli, Elmir Abbasov və başqaları var.

Ümumilikdə, 30-dan çox adam saxlanılıb.

Aksiyanın qarşısının alınmasına 50-yə yaxın güc strukturu cəlb edilib.