Polis dini bayraqlarla bəzədilmiş toy karvanını cərimə etdi

Turan: Bakıda dini bayraqlarla toy karvanı təşkil edən şəxslər saxlanılıb, iştirakçılardan birinin axtarışda olduğu məlum olub. Bu barədə Daxili İşlər Nazirlıiyinin oktyabrın 25-də yaydığı məlumatda deyilir. 

Məlumata görə, hadisə oktyabrın 24-də Xəzər rayonunun Şüvəlan qəsəbəsində qeydə alınıb.

Məlumatda vurğulanır ki, karantin rejimi qaydalarını pozaraq yaşadıqları ünvanda Ağaverdi Balaəhmədov üçün toy şənliyi təşkil edən Ağəli Hüseynzadə və Ağakərim Balaəhmədov saxlanılıb.

Bundan əlavə, şənlikdə iştirak edənlərin bir neçəsinin COVID-19 pasportu olmadığı üçün onlar İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən 200 manat məbləğində cərimə ediliblər.

Məlumatda əlavə edilir ki, avtomobil karvanında avtoxuliqanlıq hərəkəti etmiş 16 sürücünün avtomobilləri cərimə meydançasına aparılıb.

“Toy iştirakçılarından Füzuli Malıyevin hüquq-mühafizə orqanları tərəfindən axtarışda olduğu aşkar edilib. Faktla bağlı Cinayət Məcəlləsinin 139-1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir”, deyə məlumatda qeyd olunur.