Polad Aslanovun vəziyyəti pisləşib

Yanvarın 6-dan həbsdə aclıq edən Polad Aslanovun vəziyyəti kəskin pisləşib. Bu barədə jurnalistin xanımı Gülmirə Aslanova məlumat verib. O, şənbə günü 1 saylı koloniyada həyat yoldaşına baş çəkib.

“Polad çox halsız idi. Əlləri göyərmişdi. Başını masaya qoyaraq məni dinləyirdi. Özü çətinliklə danışırdı, çox arıqlayıb”, - Aslanova “Amerikanın səsi” radiosunun Azərbaycan xidmətinə müsahibəsində deyib.

Bununla belə, Polad aclığı davam etdirmək niyyətindədir. "Ya Ali Məhkəmə məni azad edəcək, ya da buradan cəsədimi çıxaracaqlar", - o, xanımına deyib.

Onun sözlərinə görə, koloniyanın həkimi xəbərdarlıq edib ki, aclıq davam edərsə Polad 3-4 gün tab gətirə bilər.

Penitensiar Xidmətdən şərh almaq mümkün olmayıb.

* Xeberman.com saytının redaktoru Polad Aslanov 16 noyabr 2019-cu ildə İranın xeyrinə dövlətə xəyanətdə ittiham olunaraq 16 il müddətinə azadlıqdan məhrum edilib. “Sərhədsiz reportyorlar” və digər hüquq- müdafiə təşkilatları Azərbaycan hakimiyyətini Polad Aslanovu azad etməyə çağırıblar.

Yanvarın 6-dan işinə yenidən baxılması və Ali Məhkəmədə kassasiya şikayətinə baxılmasının sürətləndirilməsi tələbilə aclıq edir.

Aclığın 9-cu günündə Ali Məhkəmə Polad Aslanovun kassasiya şikayətinə baxılmasını fevralın 3-nə təyin edib.