Pəncşir qüvvələri onlarla Taliban üzvünü əsir götürüb

 Əfqanıstanın Pəncşir əyalətində “Milli Müqavimət Cəbhəsi”nin qüvvələri onlarla Taliban üzvünü əsir götürüb.

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, bu barədə Əfqanıstanın sabiq rəsmilərindən olan Sibğatullah Əhmədi tvitter səhifəsində paylaşım edib.

O, bildirib ki, Talibanın Kabilini zəbt etməsinin ildönümündə Pəncşir dağlarında onlarla hərəkat üzvü əsir götürülüb.

Tvitter hesabında əsir düşən Taliban üzvlərinin görüntülərini yayımlayan sabiq Əfqanıstan rəsmisi bu əyalətdə gedən döyüşlərlə bağlı “daha sevindirici” xəbərlərin gələcəyini bildirib.

Qeyd edək ki, Taliban ötən ilin avqust ayının 15-də paytaxtı nəzarətə götürüb. Hərəkat tədricən ölkənin bütün əyalətlərini nəzarətə götürüb. Ölkənin mərkəzində Pəncşir və bir sıra şimal əyalətlərində ucqar bölgələrdə ara-sıra qarşıdurmalar davam edir.