“Pikap”lar niyə saxlanılır: mülkiyyətə müdaxilə, yoxsa müharibəyə hazırlıq?

Ekspert: "Polis biliyini artırmalıdır ki, vətəndaşlara doğru izah edə bilsin"
 
Vətəndaşlara məxsus "Pikap” markalı avtomobillərin polis tərəfindən yığılması ictimai müzakirələrə səbəb olub.
Bunu şəxsi mülkiyyətə müdaxilə kimi qiymətləndirənlər də az deyil. 
 
Hərbi ekspert Üzeyir Cəfərov isə Toplum TV-yə bildirib ki, Azərbaycanda hərbi nəqliyyat vasitələri haqqında əsasnamə var. 
Onun sözlərinə görə, 2005-ci ildə qərar qəbul olub, 2006-cı ildə Nazirlər Kabinetinin qərarı ilə yüksək keçidi olan  avtomobillər (UAZ”, "NİVA”, müxtəlif pikaplar, "URAL”, "Zil-131” ) təlimlərlərə cəlb oluna bilər: "Nədənsə bunu bizim vətəndaşlarımız başqa cür anlayırlar. Düşünürlər ki, Müdafiə Nazirliyinin texnikası çatmır. Əsla elə deyil. Müdafiə Nazirliyinin kifayət qədər bölük, tabor və tağım üçün texnikası var. Yol Patrul Xidmətinin (YPX) bəzi biliyi, bacarığı dərin olmayan əməkdaşları vətəndaşlara bunu başa salmaq əvəzinə, hansısa qanunsuzluqlarla məşğuldur. Texniki baxış başqa şeydir, reallıqda olan vəziyyət başqa. Hakimiyyət istəyir ki, sabah müharibə olacağı təqdirdə lazımi orqanlar üzərlərinə düşən vəzifələri yerinə yetirsinlər. Əgər kimsə səriştəsizlik edirsə, bu da müvəqqətidir. Əvvəl belə olmayıb təlimə, sadəcə, insanlar cəlb olunub, ancaq indi avtomobil texnikası da cəlb edilir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin fəaliyyətinin təkmilləşdirilməsinə də ehtiyac var. Eyni zamanda yol polisinin biliklərinin artırılması vacibdir.  Sadəcə, bu insanlar bu işlə əvvəlki illərdə məşğul olmayıblar deyə belə xoşa gəlməz söz-söhbətlər yaranıb". 
 
 
"Ona görə istərdim ki, vətəndaşlarımız anlayışla yanaşsınlar. Konstitusiyaya gorə, mülkiyyət toxunulmazdır. Eyni zamanda müharibə üçün hər kəsin  avtomobili ehtiyac yarandığı təqdirdə müvəqqəti əsaslarla götürülür. Daha sonra isə ya avtomobilin özü və ya onun kompensasiyası ödənilir. Eyni zamanda bu, mal-qaraya da aiddir", - hərbi ekspert bildirib. 
 
Baş Dövlət Yol Polisi İdarəsi "Pikap” tipli avtomobillərin saxlanmasına aydınlıq gətirib. 
 
Qurumun yaydığı rəsmi məlumatında bildirilir ki, "Pikap” tipli avtomobillərin YPX postlarında saxlanılması Nazirlər Kabinetinin 2006-cı il 4 aprel tarixli 96 nömrəli qərarına uyğundur: ""Hərbi nəqliyyat vasitələrinin uçot qaydaları"na əsasən silahlı birləşmələrə və xüsusi birləşmələrə vaxtında, keyfiyyətli və tam həcmdə təqdim edilməsi məqsədilə hərbi nəqliyyat vasitələrinin texniki vəziyyətinin plan üzrə Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi və nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan digər təşkilatlar ilə birlikdə yoxlanılması nəzərdə tutulur". 
 
""Pikap” tipli və texniki imkanları onlara uyğun olan digər xüsusi təyinatlı nəqliyyat vasitələri Nazirlər Kabinetinin 2006-cı il 16 fevral tarixli 51 nömrəli qərarı ilə təsdiq edilmiş siyahıdakı yüksək keçidli avtomobillərin kateqoriyasına aid olduqlarına görə həmin nəqliyyat vasitələrində yolsuzluq şəraitində istismar sistemlərinin texniki müayinəsi, nəqliyyat vasitələrinin uçot-qeydiyyat göstəricilərinin dəqiqləşdirilməsi və istifadə olunduqları ərazinin (şəhər, qəsəbə, kənd) müəyyən edilməsi məqsədilə stasionar postlarda saxlanılır və bu haqda sahiblərinə məlumat verilir", - açıqlamada deyilir.