Paşinyanın səfəri dövlət sərhəddimizin pozulmasıdır - Politoloq

Paşinyanın səfəri dövlət sərhəddimizin pozulmasıdır - Politoloq

Ermənistanın baş naziri Nikol Paşinyan avqustun 5-də Azərbaycanın işğal olunmuş Xankəndi şəhərinə gələcək. 
 
Paşinyan öz feysbuk hesabından canlı yayımda bu barədə bildirib. 
 
N.Paşinyan avqustun 5-də saat 19.00-da Xankəndindəki meydanda çıxış edib, görüləcək işlərdən danışaçağını vurğulayıb. 
 
Politoloq Elxan Şahinoğlu Paşinyanın bu ziyarətinin əsas səbəbləri barədə danışıb: "Prinsip etibarilə erməni separatçılarının, Ermənistan hakimiyyətinin rəsmiləri və hərbçilərinin Qarabağa səfəri qanunsuzdur və bu, Azərbaycanda böyük narahatlıq yaradır. Amma budəfəki səfərin idman oyunlarının açılışı ilə bağlı olacağı deyilir. Amma başqa bir məqsədi də var ki, gələn il Dağlıq Qarabağda "prezident seçkiləri” keçiriləcək. Paşinyan çox çalışır ki, orada öz adamını oturtsun”.
 
Ekspert  Qarabağdakı separatçı rəhbərlərin asılılıq məsələsinə toxunub: "Qarabağdakı separatçı qüvvələrin rəhbərləri Paşinyana tabe deyillər. Düzdür, asılıdırlar, çünki bütün dəstək Ermənistandan gəlir və Ermənistanın maliyyəsi Qarabağa ayrılır. Amma onlar Paşinyana tabe olmaq istəmirlər. Onlar indiyə kimi İrəvandakı Qarabağ klanının təsiri altındadır. Paşinyan çox çalışır ki, gələcəkdə Qarabağa rəhbərlik edən adam ona tabe olsun. İstəyir ki, onlar daha Köçəryana, Sarkisyana tabe olmasınlar. Buna nə dərəcədə nail olacaq, onu söyləmək çətindir. Çünki qüvvələr nisbəti Qarabağda Paşinyanın xeyrinə deyil”.
 
 
Elxan Şahinoğlu Azərbaycan tərəfinin bu səfərlə bağlı aktiv olmasının vacibliyini vurğulayıb: "Hesab edirəm ki, bu səfərlə bağlı biz ciddi şəkildə etirazımızı ortaya qoymalıyıq. Həmçinin onlar Xankəndi hava limanından da son zamanlar daha çox istifadə etməyə başlayıblar, uçuşların sayı da artıb. Bu, dövlət sərhəddimizin pozulmasıdır. Əlbəttə ki, biz bunun qarşısını almalı, işağlçıya qarşı siyasi və hərbi təzyiqi artırmalıyıq”.
 
Paşinyan axırıncı dəfə mayın 9-da həyat yoldaşı Anait Saakyanla Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində olub. 
 
Bu səfərdən cəmi bir həftə sonra separatçılarla İrəvanın münasibətləri gərginləşib. 
 
Buna separatçı rejimin liderlərinin Robert Köçəryanın azad edilməsi üçün zəmanətçi olmaları səbəb olub.

Facebook