Paşinyan: "Müharibə davam etsəydi, biz Stepanakerti də itirə bilərdik"

Qarabağda hərbi əməliyyatlar davam etsəydi, Stepanakerti də (Xankəndi) itirmək təhlükəsi vardı.
 
 Bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan "Feysbuk"da canlı yayımda çıxış edərkən deyib(Sputnik Armeniya, 11 noyabr).
 
"Baş qərargahdan mənə məlumat verildi ki, bizim resurs problemimiz var. Artsaxın ("DQR") siyasi rəhbərliyi də bu mövqeni bölüşdü. Müharibə davam etsəydi, biz qalan əraziləri də itirəcəkdik, sənədi imzalamaqla biz bunun qarşısını aldıq. Yoxsa Stepanakert tamamilə müdafiəsiz qala bilərdi", - Paşinyan deyib. 
 
"Müharibə davam etsəydi, böyük ehtimalla erməni tərəfi təkcə Stepanakerti deyil, Martuni və Əskəranı da itirərdi. Sonra da növbə ikinci, üçüncü, dördüncü müdafiə bölmələrinə gəlib çatardı və hərbi qulluqçular mühasirəyə düşərdi", - o bildirib. 
 
"Nəticədə də bütöv bir faciə baş verərdi. Qərar məhz belə qiymətləndirmələrdən sonra verilib. Təsadüfi deyil ki, onlarla hərbi qulluqçu cəbhədən bu qərarı dəstəklədiklərini göstərən videolar göndərirlər. Onlar yerində vəziyyəti daha yaxşı başa düşürlər. Bax budur həqiqət", - deyə baş nazir vurğulayıb.