Paşinyan Dağlıq Qarabağ münaqişəsinin diplomatik həll yolunun olmadığını dedi

Ermənistanın Baş naziri Nikol Paşinyan "Facebook"dakı canlı çıxışı zamanı gözlənilməz açıqlamalarla gündəmə gəlib. O, hazırda Dağlıq Qarabağ probleminin diplomatik həll yolunun olmadığını bəyan edib və xalqı ələ silah götürməyə səsləyib. Bunun üçün o, dövlət və yerli özünüidarə orqanlarının rəhbərlərinə könüllü hərbi birliklər yaratmaq barədə göstəriş verib. Həmçinin xaricdə yaşayan ermənilərə vətənə qayıdıb cəbhəyə yollanmağa dair çağırış edib. Məlumatı 21 oktyabr tarixində "Sputnik Armeniya" yayıb. 

Paşinyanın sözlərinə görə, xüsusilə hazırkı situasiyada diplomatik həll yolunun tapılması üçün olan bütün ümidlər və təkliflərin artıq sona çatdığını hesab etmək lazımdır: "Nəyə görə? Biz dəfələrlə demişik ki, bu məsələni qarşılıqlı güzəştlərlə həll etməyə hazırıq. Qarşılıqlı güzəşt də o deməkdir ki, qarşına qoyduğun "planka"nı hansısa məqamda həll yolu naminə aşağı salmalısan və burada sənin opponentin də eyni addımı atmalıdır. Təcrübə göstərir və bu, həm də reallıqdır ki, bu məntiqdə erməni tərəfi üçün keçərli olan şey Azərbaycan üçün keçərli deyil. Yəni, bu onların diplomatik taktikası və strategiyası olub. Yəni, bizim razılaşdığımız şeyə Azərbaycan artıq razı deyil. Buna görə də hansısa diplomatik həll yolundan danışmaq ümumiyyətlə, mənasızdır, ən azından indiki mərhələdə".

"Erməni xalqının haqqı üçün ilk növbədə ələ silah götürmək lazımdır, - Paşinyan deyib: Bizim öhdəliyimiz hamılıqla xalqımızın haqqı üçün sonacan mübarizə aparmaqdır".

Dövlət başçısının sözlərinə görə, yalnız effektiv təşkilatçılıq sayəsində münaqişədə erməni tərəf üçün uyğun diplomatik həll yolu tapılacaq. 

O, Qarabağ xalqının hüquqlarını müdafiə etməyin bütün erməni xalqının hüquqlarını müdafiə etmək mənasına gəldiyini vurğulayıb, bunun üçün isə hər bir erməni əlinə silah almalıdır. Onun fikrincə, yalnız bu halda problem son həllini tapa bilər.

Nikol Paşinyan çıxışında Ermənistanla Rusiya arasındakı münasibətlərə də toxunub. "Demək istəyirəm ki, mən ölkələrimiz arasındakı qarşılıqlı əməkdaşlığı və əlaqələri yüksək qiymətləndirirəm. Biz Rusiyanı Ermənistanın və erməni xalqının strateji tərəfdaşı olduğunu hiss edirik. Bizim ölkələrimiz arasında daimi əlaqə var. Biz bu situasiyaya həll yolu üçün ən maksimal səviyyədə və effektiv dərəcədə əməkdaşlıq etmişik və edirik. Rusiya əlindən gələni edib və mən əminəm ki, bundan sonra da edəcək. Mənim buna ümumiyyətlə, şübhəm yoxdur." - deyə erməni lider qeyd edib.