Parlament sədrinin müavini: “Tələbə yataqxanaları ilə bağlı məsələ həll edilməlidir”

Azərbaycan Milli Məclisinin sədr müavini Valeh Ələsgərov parlamentin bu gün keçirilən plenar iclasında büdcə müzakirələri zamanı tələbə yataqxanalarının tikilməsi ilə bağlı təklif irəli sürüb.

 

Operativ.tv-nin xəbərinə görə, V.Ələsgərov bununla bağlı "Tik-idarə et-təhvil ver" (TİT) modelindən istifadəni məqsədəuyğun hesab edib.

 

O bildirib ki, bu modellə bağlı 2016-cı ildə Milli Məclis tərəfindən qanun qəbul olunub. Vitse-spiker bildirib ki, dünyanın bir çox ölkələrində bu modeldən səmərəli istifadə olunur, körpülər, tunellər hava limanları tikilir.

 

V.Ələsgərov qeyd edib ki, Milli Məclis bu qanuna əlavə edərək tələbə kampuslarının tikilməsi üçün qanunvericilik bazası yarada bilər.

 

Onun sözlərinə görə, tələbə yataqxanaları ilə bağlı məsələ bu yolla daha tez həll oluna bilər: “Təklif edirəm ki, Təhsil və Maliyyə Nazirlikləri ilə birgə bununla bağlı müəyyən mexanizm hazırlayaq”.

 

Qeyd edək ki, Milli Məclis 2016-ci il martın 4-də keçirilən iclasında “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” yeni qanun layihəsini təsdiq edib. Qanun layihəsində körpü və tunellərin, su anbarlarının, suvarma sistemlərinin, təhsil, səhiyyə, mədəniyyət obyektlərinin, kommersiya məqsədli binaların, sənaye, texnologiya, aqroparkların, xüsusi iqtisadi zonaların və digər infrastrukturların “Tik, idarə et, təhvil ver” (TİT) modelinə uyğun maliyyələşmə əsasında tikintisinə, idarə edilməsinə və təhvil verilməsinə investisiyanın cəlb olunmasının hüquqi əsaslarını müəyyən edir. Qanuna görə, bu tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrini TİT modelinə uyğun həyata keçirən investor həyata keçirdiyi fəaliyyətlə bağlı dövlət rüsumlarından və yığımlardan azaddır.