Pakistanla “Təhrik-Taliban” arasında danışıqlar atəşkəslə nəticələnib

Əfqanıstanın paytaxtı Kabildə Pakistan tərəfi ilə “Təhrik-Taliban Pakistan” (TTP) hərəkatı arasında aparılan danışıqlar müvəqqəti atəşkəslə nəticələnib.

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, bu barədə Əfqanıstanın BakhtarNews agentliyi məlumat verib.

Agentlik bildirib ki, “Əfqanıstan İslam Əmirliyi” Kabildə Pakistan hökuməti ilə TTP hərəkatının danışıqlarına ev sahibliyi edib.

Tərəflər müvəqqəti atəşkəs razılaşması əldə ediblər.

BBC-nin məlumatına görə, bu atəşkəs hələlik may ayının sonuna qədərdir.

Qeyd edək ki, Pakistanın şimal-qərbində xüsusilə də Əfqanıstanla sərhəddə fəal olan TTP hərəkatı son zamanlarda Pakistan ordusuna intensiv hücumlar edir. Pakistan Ordusu son ayda bu hərəkatın daxildə və Əfqanıstan ərazisində olan mövqelərinə hava zərbələri endirib. TTP-nin Pakistanda törətdiyi ən qanlı hücum 2014-cü ilin dekabrında Pişəvərdə törədilib. TTP üzvləri burada hərbi məktəbə daxil olaraq 133 yeniyetmə kursantı qətlə yetirmişdilər.