Özəl, yoxsa alternativ ekspertiza?

Ekspert:"Qiymətlərə nəzarət bu qurumun bazara çevrilməsinin qarşısını alacaq”.
 
Azərbaycanda özəl məhkəmə ekspertizası institutu yaradılması gündəmə gəlib. Belə ki, Azərbaycan prezidentinin qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə təqdim etdiyi qanunvericilik layihələri paketi müzakirəyə çıxarılıb.
 
Məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsinə dair qanunverici aktların 2020-ci yanvarın 1-dən qüvvəyə minməsi gözlənililir. Bu qanuna görə, hüquqi insititut – özəl məhkəmə ekspertizası institutu yaradılacaq. 
 
Layihədə qeyd olunub ki, məhkəmə ekspertizası insititutunun yaradılmasında əsas məqsəd vahid məhkəmə təcrübəsinin formalaşdırılması və məhkəmələrin fəaliyyətindəki nöqsanları aşkarlamaqdır.
 
Özəl məhkəmə ekspertizası fəaliyyəti ilə məşğul olmaq üçün irəli sürülən tələblərə əsasən, məhkəmə prosesinin iştirakçıları məhkəmə ekspertizası fəaliyyətini həyata keçirən dövlət orqanlarına və ya özəl məhkəmə ekspertlərinə öz təşəbbüsü ilə və öz hesabına ekspertizanın aparılmasını sifariş edə və həmin ekspertizanın nəticələrini məhkəməyə təqdim edə biləcək.
 
Hüquqşünas Fərhad Mehdiyev Toplum Tv-yə deyib ki, özəl məhkəmə ekspertizası deyəndə, əslində, söhbət alternativ ekspertizadan gedir: "Özəl adlanması isə bu işin qeyri-dövlət tərəfindən aparılması ilə bağlıdır. Prosesin eyni zamanda dövlət qurumları ərəfindən aparılması mümkün olduğundan alternativ ekspertiza adlanması daha düzgün olar. Məsələn, bizə həkim rəyi lazımdırsa, həmin rəyi dövlət xəstəxanasından da almaq olar. Məhkəmədə görülən bir məsələylə bağlı müxtəlif qurumlardan eyni ağırlıqlı ekspert rəylərinin gətirilmə imkanı olmalıdır. Azərbaycanda bu sahədə ciddi bir qanunsuzluq var. Yəni ekspert saxta bir rəy verər, o rəy maksimum bir dəfə komission ekspertizadan keçər. Amma burada yenə qanunsuzluğu ört-bast etmək mümkün olar. Bu zaman həqiqi rəyi almağın mümkünlüyü sual altına düşür". 
 
 
 Fərhad Mehdiyev
 
Ekspert hesab edir ki, məhkəmə quruculuğunda əsas problemlərdən biri işin qeyri-peşəkar təşkil olunmasındadır: "Ekspertiza yüksək texnologiyalı avadanlıqlarla işləməyi zəruri edir. Məsələn bizim qrumlar avadanlıq, texnika problemi yaşayır: elmi-texniki tərəqqinin imkanları prosesə kifayət qədər tətbiq olunmur. Həmçinin xarici ekspertiza qrumlarının prosesdə iştirakı mümkün hala gətirilməlidir".
 
"Qanunvericilikdə ekspert rəyi ilə mütəxəsis rəyi fərqlənir. Ekspert rəyi məhkəmə üçün mütəxəsis rəyindən daha etibarlı sayılır. Bu səbəbdən mütəxəsis rəylərinin ağırlığını artırmaq lazımdır. Düzdür, məhkəmə bu rəylərdən  birbaşa aslı deyil. Amma təbiki, məhkəmə qərarı da ekspert rəyinə zidd ola bilməz. Əgər məhkəmə qətnaməsi ekspert rəyindən fərqlənirsə, hakimin əlində ciddi əsas olmalıdır. Bu baxımdan alternativ ekspertizanın qəbulu hakimin işini asanlaşdıracaq. Çünki tərəflər fərqli qurumlardan müxtəlif  rəylər gətirə bilərlər. Hakimin burada 2 tərəfi də müqayisə edib, doğru qərar verməsi mümkün olacaq. Bununla belə qanunsuzluğun qarşısını almaq üçün  ekspertin üzərinə ciddi məsuliyyət qoymağa ehtiyac var. Ekspertlər yalan və saxta rəy verdiklərinə görə məsuliyyətə cəlb olunmalıdır. Bu gün üçün korrupsiyaya bulaşmış ekspertlər alternativ ekspertizanın varlığı halında biləcəklər ki, onların məsuliyyətə cəlb olunma ehtimalları daha da artıb. Çünki saxta rəyin qanunsuz olduğunu sübut etmək mümkün olacaq", - hüquqşünas bildirib.