“OPEK+”-un neftin hasilatını iki milyon barel azaltması ABŞ-ı qəzəbləndirib

OPEK+ təşkilatının ötən günkü qərarı ABŞ hökumətinin məyusluğuna və qəzəbinə səbəb olub. ABŞ rəsmiləri bu addımı Rusiyaya dəstək kimi qiymətləndiriblər.

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, ötən gün Opek+ təşkilatının gündəlik neft hasilatının iki milyon miqdarında azaldılması ilə bağlı qərarından sonra ABŞ-ın tanınmış media qurumları kəskin yazılar dərc ediblər. ABŞ mediası OPEK-dəki müttəfiqlərinin xüsusilə də Səudiyyə Ərəbistanı ABŞ-a zərbə vurmaqda ittihamlandırıblar.

ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Cek Sullivan qərar çıxandan sonra deyib ki, “prezident Co Bayden qlobal iqtisadiyyat Ukraynada müharibənin davam edən mənfi təsirləri ilə üz-üzə olarkən OPEC+ təşkilatının hasilat kvotalarını azaltmaq qərarından məyusdur”.

Qeyd edək ki, ötən gün tanınmış istehsalçı ölkələrin daxil olduğu OPEC+ qiymətlərin aşağı düşməsinə cavab olaraq xam neft hasilatını gündə iki milyon barel azaltmağa razılıq verib.

Ağ Ev isə hesab edir ki, Qərb ölkələrində qiymətləri artıra biləcək neft hasilatını azaltmaq üçün OPEC+ təşkilatının bu qərarı alyansın Rusiya ilə eyni fikirdə olduğunu göstərir.

Ağ Evin sözçüsü Karine Jan-Pierre, "OPEC+ təşkilatının bugünkü açıqlaması ilə Rusiyanın tərəfini tutduğu aydındır", deyib.

Səudiyyə Ərəbistanı bu qərarın (ABŞ-a qarşı) “aqressiv addım olmadığını” vurğulayıb.