Ömürlük məhbusun həyat hekayəsi (1-ci hissə)

Bismilləhir Rahmənir Rahim

Cavadla Nərgiz bir-birlərini orta məktəbdən sevirdi. Orta məktəbi bitirdikdən sonra 2001-ci ildə hər ikisi Tibb universitetinin müalicə işi fakültəsinə qəbul oldu. İnternanı  tamamladıqdan sonra toyları oldu. 2008-ci ilk övladları Zəhra dünyaya gəldi. Zəhra ailəyə xüsusi sevinc gətirmişdi. Cavadla Nərgiz həm həyəcanlı həm də çox  xoşbəxt idilər. Bir ildən sonra da Allah onlara oğul payı verdi. Adını Əli qoydular. Zəhrayla Əlinin birgə şıltaqlıqları ailəni daha da rəngarəng edirdi. Nəhayət 2012-ci ildə Cavadın üçüncü övladı Muhəmməd dünyaya gəldi. Nərgiz evdə övladlarına baxır, Cavad da özəl klinikaların  birində həkim terapevt  kimi çalışırıdı. Qazancı da normal idi. Kirayədə qalmaqlarına baxmayaraq Cavad torpaq alıb ev tikdirməyə başlamışdı.  Gənc ailə öz xoşbəxt və sevimli günlərini yaşayarkən gələcəkdə baş verəcək hadisədən xəbərsiz idilər.

 Cavad ixtisasca həkim olsa da hər zaman ictimai-siyasi proseslərlə maraqlanırdı. Bəzən də ictimai- siyasi yönümlü məqalələr və yazılar da  yazırdı. O hesab edirdi ki, ziyalı bir vətəndaş olaraq ölkəsində baş verən ictimai – siyasi proseslərdən agah olmalıdır.Bu səbəbdən də sosial şəbəkələrdə də korrupsiyaya qarşı mübarizə həmçinin vətəndaşlarımızın hüquqlarını bilməyin zəruriliyi mövzularında statuslar paylaşırdı. Həm də maarifləndirici xarakterli seminarlar təşkil edirdi. Bu fəaliyyətləri işinə mane olmurdu.

Nəhayət  2015-ci ilin Yanvar ayının 4-də Cavad mətbuatda həmçinin sosial şəbəkələrdəki ictimai-siyasi  yönümlü yazılarına görə DİN BMCMİ-nin əməkdaşları tərəfindən  axşamüstü işdən evə qayıdarkən yolda başına torba  keçirdilərək oğurlandı və idarəyə gətirildi. 3 gün Cavaddan xəbər olmadı. Nərgiz üç uşaqla çox çətin vəziyyətdə qalmışdı. Nəhayət Cavadın həbs olunma xəbəri yayıldı. Polis idarəsində Cavada ağır fiziki və mənəvi işgəncələr verərək ona əvvəlcədən hazırlanmış ssenari üzrə olan ifadə sənədlərinə imza atmaq tələb olunurdu. Cavad bütün bu ağlasığmaz işgəncələrə baxmayaraq heç bir sənədə imza atmadı. Buna baxmayaraq ona ARCM-nin 278-ci maddəsilə ( Hakimiyyəti zorla ələ keçirmə vəya onu zorla saxlama) cinayət işi açıldı və haqqında 4 aylıq həbs qəti imkan tədbiri seçildi. Beləliklə istintaq dövrü olduğu üçün Cavad Bakı İstintaq Təcridxanasına köçürüldü.

 Təcridxanada Cavad həftədə 2 dəfə evinə zəng vurub Nərgiz və övladlarıyla danışırdı. Zəhranın 7 yaşı tamam olmuşdu və o başa düşürdü. Əli də atasının həbsdə olduğunu nənəsindən eşitmişdi. Balaca Muhəmməd isə hələ dərk etmirdi. Telefonda elə hey atasına “ Ata, bizə gə də, tez gə noolar” deyirdi. Təbii bütün bu epizodlar Cavad üçün çox ağır idi. Amma Cavad bütün bunların həyatın sınaqlarından olduğunu dərk edirdi və Allahdan heç vaxt ümidini üzmürdü.  O, özünün günahsız olduğunu, bu işdə bir anlaşılmazlığın olduğunu və tezliklə öz isti ocağına, ailəsinin başına qayıdacağını  özünə təlqin edir və hər telefon danışığında bu xoş arzunu Nərgizə də çatdırırdı. Əlbəttə ki, Nərgiz də səbr və təmkinlə uşaqlıqdan sevdiyi həyat yoldaşı Cavadının gəlişini böyük ümidlə gözləyirdi.

Həbsdə ikən Cavadın dostları, Nərgizinin ailəsi həmçinin Cavadın valideynləri də ailəyə yardım edirdi. Hər ay iş yoldaşları kirayə xərcini ödəyir və ailəyə toplanmış məbləği çatdırırdılar. Həmçinin Cavadın dostları hər ay təcridxanaya Cavad üçün sovqat da göndərirdilər.

Beləliklə Cavadın istintaq müddəti bir il çəkdi və onun işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərildi.

2016-ci ilin Yanvar ayının 25-də Cavadın açılış məhkəməsi oldu. Məhkəməyə Cavadın valideynləri, Nərgiz, Cavadın dostları və ictimaiyyət nümayəndələri – jurnalistlər gəlmişdi. Cavadın vəkili Əhməd Əhmədov də vəkil geyimində Cavadın müdafiəsi üçün hazır vəziyyətdə idi. Beləliklə kollegiya sədri -  hakim Musa Məmmədov özünü və məhkəmə kollegiyasını təqdim etdikdən sonra dövlət ittihamçısına  söz verdi:

          Dövlət ittihamçısı Cəfərov Baqir ayağa qalxaraq məhkəmə heyətini salamladı və sözə başladı:

  • Bu gün AR CM-nin 278-ci maddəsiylə ittiham olunan Əliyev Cavad Muhəmməd oğlunun məhkəmə prosesinə yığışmışıq. Belə ki, sonuncu 2012-ci ildən etibarən intensiv şəkildə mətubatda ,sosial şəbəkələrdə və müəyyən məkanlarda hakimiyyətə qarşı narazılıq, nifrət, hakimiyyəti ələ keçirməyin zərurəti, vətəndaşları iğtişaşa cəlb etmək və aidiyyəti yönümlü çıxışlar etmiş və özünün rəhbərliyi altında mütəşəkkil dəstə yığmağa başlamışdır. İstintaq orqanı üç ildir Əliyev Cavad Muhəmməd oğlunun törətdiyi cinayət əməlini araşdırmış və cinayətin sonuncu tərəfindən törədildiyi  hal şahidləri və toplanmış əməliyyat – istintaq materialları əsasında sübuta yetirilmişdir.

 

Daha sonra   hakim Musa Məmmədov danışmaq üçün müttəhim Əliyev Cavad Muhəmməd oğluna söz verdi:

  • Buyurun, təqsirləndirilən şəxs Əliyev Cavad Muhəmməd oğlu. Məhkəmə sizi dinləyir. Toplanmış istintaq materiallarında özünüzün tamamilə günahsız olduğunuzu söyləmisiniz. Bu barədə xahiş edirəm danışın. İfadələrinizi əsaslandırın.

Cavad çox həyəcanlı idi. 32 yaşına kimi nə polis, nə də ki, hakim qarşısına çıxmayan Cavad köks ötürərərək sözə başladı:

  • Möhtərəm hakim!

Bəli, mən ifadələrimdə özümün günahsız olduğumu qeyd etmişəm. Dövlət ittihamçısının dediklərini və ittiham aktında yazılanların heç birini qəbul etmirəm. Mən bu vətəninin ali təhsilli, ziyalı bir vətəndaşıyam. İxtisasca həkim terapevtəm. Fəqət hər zaman bir vətəndaş olaraq dövrümüzdəki ictimai- siyasi proseslərlə maraqlanmışam. Antikorrupsiya, vətəndaş hüquq və azadlıqları mövzularında  maarifləndirici seminarlar təşkil etmişəm. Həmçinin mətbuatda bu istiqamətdə yazılarım dərc olunub. Mənim heç bir dövlət çevrilişi etmək yaxud mütəşəkkil dəstə yığmaq fikrim olmayıb. Bu barədə heç bir dəlil və sübut da yoxdur. Açılan cinayət işi mənə qarşı böhtan xarakteri daşıyır. Özümü tamamilə günahsız hesab edirəm.

Kollegiya üzvü hakim Əliövsət Rzayev eynəyini çıxararaq təəccüblü bir şəkildə belə soruşdu:

  • Cavad bəy, bəs sizcə niyə məhz sizi həbs ediblər? Baxmayaraq ki, özünüzü günahsız hesab edirsiniz?

Cavad gülümsəyərək cavab verdi:

  • Möhtərəm hakim!

Əlbəttə siz gözəl sual verirsiniz. Bu mənə də maraqlıdır.Hesab edirəm ki,bu suala istintaq aparan müstəntiq və prokuror  da cavab verməlidir.  Mən isə hesab edirəm ki, adını çəkmək istəmədiyim məmura sərf etmir ki, mən vətəndaşları maarifləndirirəm. Bu baxımdan həbsim tamamilə gözqorxutmaq xarakteri daşıyır. Şübhəsiz ki, həbsim sifarişlidir. Amma mən sizə söz verirəm ki, bu qondarma məhkəmə mənim bəraətimlə xətm olunacaqdır. Çünki mən istintaq dövründə öz həbsimlə bağlı aidiyyəti dövlət orqanlarına həmçinin beynəlxalq hüquq təşkilatlarına ərizələr yazmışam. Qanunun aliliyinə güvənərək qətiyyətlə söyləyirəm ki, mən bəraət alacam. Vəsssalam.

Bu məqamda  hakim Musa Məmmədov eynəyini düzəldərək öz qalın səsiylə Cavadın vəkilinə işarə edir:

  • Buyurun Əhməd Əhmədov. Məhkəmə sizi dinləyir:

Cavadın vəkili Əhməd müəllim ayağa qalxaraq tribunaya keçdi və sözə başladı:

  • Mən də öz növbəmdə məhkəmə heyətini salamlayıram və Əliyev Cavad Muhəmməd oğlunun çıxışına dəstək olaraq söyləmək istəyirəm ki, ortada hərhansı cinayət əməlindən söhbət gedə bilməz. Sonuncu ixtisasca həkimdir. İstər iş yerində, istərsə də yaşadığı məhəllədə nümunəvi bir ziyalı kimi tanınır. Hər kəs onun maarifçi və vətənpərvər bir həkim olduğunu gözəl bilir. Ona qarşı irəli sürülən ittiham tamamilə yalan və böhtan xarakteri daşıyır.

Vəkilin çıxışından sonra məhkəmə yekunlaşır və hakim növbəti məhkəmə prosesinin 08 Fevral 2016-cı il tarixinə təyin olunacağını elan edir.

Ardı var...