Oğurlanmış Ukrayna taxılını daşıyan Rusiya yük gəmisi Türkiyədə saxlanılıb

Operativ.tv Azadlıq Radiosu-na istinadən xəbər verir ki, Türkiyə oğurlanmış Ukrayna taxılını daşıyan Rusiyaya məxsus yük gəmisini saxlayıb. Reuters xəbər verir ki, bunu Ukraynanın Türkiyədəki səfiri Vasili Bodnar deyib.

Diplomatın sözlərinə görə, Ukrayna tərəfi vəziyyəti aydınlaşdırmaq üçün Türkiyənin gömrük orqanları ilə əlaqədədir. Reuters yük gəmisinin adını və gəldiyi limanın adını açıqlamır.

Əvvəl yayılan məlumatlarda Rusiya bayrağı altında gəminin üzən gəminin Qazaxıstan şirkətinə məxsus "Jibek Joly" (İpək Yolu) gəmisi olduğu qeyd edilib. Satışda Estoniya və Türkiyə şirkətlərinin iştirak etdiyini iddia edilir.

Rusiya ilə Ukrayna arasında gedən müharibə səbəbindən dünya bazarı üçün nəzərdə tutulan milyonlarla ton ərzaq Qara dəniz limanlarında yığılıb qalıb. Tərəflər tədarükün kəsilməsində bir-birini günahlandırlar.

BMT xəbərdarlıq edir ki, məhsullar çıxarılmasa, o zaman Afrika, Asiya və Yaxın Şərqin kasıb ölkələri ciddi aclıqla üzləşəcək.

İyunun 30-da ilk taxıl gəmisi Ukraynanın cənubunda rus qoşunları tərəfindən ələ keçirilən Berdyansk limanını tərk edib. Rusiya tərəfindən təyin edilmiş yerli hakimiyyət onun “dost ölkələrə” göndərildiyini bildirib.

Ukrayna hakimiyyətinin məlumatına görə, irimiqyaslı işğal başlayandan bəri Rusiya işğal etdiyi Ukrayna ərazilərindən ən azı 400 min ton taxıl çıxarıb. Rusiya isə taxılın qanunsuz ixracı ilə bağlı bütün ittihamları rədd edir.

Rusiya fevralın 24-də Ukraynaya hücum edib. Bu müddət ərzində ölkənin bir sıra şəhər və qəsəbələri dağıdılıb, minlərə adam həlak olub, milyonlarla insan ölkədən qaçqın düşüb.

Beynəlxalq aləm Rusiyanın bu addımını pisləyir və qoşunlarını Ukraynadan çıxarmağa çağırır.

Rəsmi Moskva isə qonşu Ukraynaya qarşı apardığı müharibəni "xüsusi hərbi əməliyyat" adlandırır. Bundan başqa "müharibə" sözündən istifadə edənlər, "müharibəyə yox" deyənlər, o cümlədən Rusiya müdafiə nazirliyinin rəsmi məlumatlarından fərqli xəbərlər verən fərdlər və KİV-lər cəzalandırılır.