Növbədənkənar seçkilər saxtalaşdırılıb və xalqın iradəsini əks etdirmir - Milli Şura

9 fevral növbədənkənar parlament seçkiləri kütləvi saxtakarlıq və qanun pozuntuları şəraitində keçib. Ölkə boyu əldə olunan məlumatlar göstərir ki, bu seçkinin nəticələri tamamilə saxtadır və xalqın iradəsini əks etdirmir. Bu barədə Demokratik Qüvvələrin Milli Şurasının (DQMŞ) bəyanatında deyilir.

Seçki günü baş verən qanun pozuntuları və saxtakarlıqlar barədə müxtəlif informasiya mənbələrində, sosial şəbəkələrdə saysız-hesabsız məlumatlar, foto və videolar paylaşılıb. "Bu məlumat və çəkilişlər artıq seçkinin nəticələrini bütövlükdə ləğv etməyə yetərli sayıla bilər", deyə bəyanatda bildirilir.

DQMŞ qeyd edir ki, növbədənkənar parlament seçkisi hələ təyin edilərkən, onun legitimliyi bir sıra səbəblərdən şübhə altına düşüb. Bu seçkinin hansı zərurətdən irəli gəldiyi, nəyə görə vacib olduğu haqda cəmiyyətə ağlabatan hər hansı izahat verilməyib, onun təyin olunmasından qabaq bu istiqamətdə ictimai müzakirələr aparılmayıb.

DQMŞ həmçinn seçkilərdə iştirakın 50%-ə qədər şişirdildiyini bildirir. "İlkin rəsmi məlumatlarda seçici fəallığı 50%-ə yaxın göstərilsə də, müstəqil mənbələrdən alınan xəbərlər deməyə əsas verir ki, bu göstərici 10-15% civarında olub. Seçki kampaniyası dövründə də nəzərə çarpan seçici fəallığı olmayıb. Xalqın böyük əksəriyyəti seçkini əvvəldən boykot edib.Müstəqil müşahidəçilərin verdiyi məlumatlar göstərir ki, iştirak 10-15% təşkil edib", deyə bəyanatda qeyd edilir.

Milli Şura bu seçki prosesinin əvvəldən azad və ədalətli seçkiyə uyğun olmadığını və səsvermə günü baş verənləri nəzərə alaraq bir daha bəyan edir ki, 9 fevral növbədənkənar parlament seçkisi xalqın iradəsini ifadə etmir və tamamilə saxtadır.

"Bu parlament Əliyevlərin razılıq verdiyi siyahı üzrə əvvəlcədən formalaşdırılıb və Azərbaycan xalqını təmsil edə bilməz", deyə sənəddə vurğulanır.

Milli Şura Azərbaycan xalqını və dünyanın demokratik ictimaiyyətini bu seçkinin nəticələri ilə barışmamağa çağırır.

"Azərbaycan xalqı seçmək və hakimiyyətin mənbəyi olmaq kimi fundamental, konstitusion hüququndan məhrum edilib. Bu hüququ özünə qaytarmaq üçün o, dinc, kütləvi və ardıcıl mübarizə aparmağı bacarmalı, daha yaxşı təşkilatlanmağa, demokratiya uğrunda mübarizəni güzəştsiz təşkil edə bilən siyasi qüvvə ətrafında təmərküzləşməyə çalışmalıdır", deyə bəyanatda qeyd edilir.

Beynəlxalq birlik də Azərbaycan xalqı qarşısında üzərinə götürdüyü öhdəliklərə əməl etməli, Azərbaycan hakimiyyətinə avtoritar mövqeyindən geri çəkilmək üçün ciddi təzyiqlər göstərməli, o cümlədən hakimiyyət nümayəndələrinə qarşı ünvanlı sanksiyalar tətbiq etməlidir, deyə DQMŞ-nin bəyanatında vurğulanır.

 

Turan.az