Norveçdə Talibanla danışıqlar başlayıb

Əfqanıstanın xarici işlər naziri vəzifəsini icra edən Əmir Xan Müttəqinin başçılıq etdiyi Taliban nümayəndə heyəti Əfqanıstanda humanitar vəziyyətin pisləşməsi fonunda bazar günü Osloda Qərb ölkələrinin rəsmiləri və Əfqanıstan vətəndaş cəmiyyəti nümayəndələri ilə üç günlük danışıqlara başlayıb.

Bağlı qapılar arxasında keçirilən danışıqların ilk günü Taliban nümayəndələrinin Əfqanıstan və əfqan diasporundan qadın hüquqları fəalları və hüquq müdafiəçiləri ilə görüşü gözlənilir.

Danışıqlardan əvvəl Talibanın mədəniyyət və informasiya nazirinin müavininin Müttəqi tərəfindən göndərildiyini dediyi səsli mesajda “nailiyyətlərlə dolu yaxşı gözəl bir səfərə” ümid ifadə edilib və “Norveçə təşəkkür etdiyi” bildirilib.

Bu, Talibanın avqust ayında ölkədə hakimiyyəti ələ almasından sonra onların nümayəndələrinin Avropada rəsmi görüşlər keçirdiyi ilk səfərdir. Bundan əvvəl Taliban nümayəndələri Rusiya, İran, Qətər, Pakistan, Çin və Türkmənistana səfər ediblər.

Danışıqlar zamanı Müttəkinin Əfqanıstanın təhlükəli humanitar vəziyyətlə üzləşdiyi bir vaxt ABŞ və digər Qərb ölkələri tərəfindən dondurulmuş 10 milyard dollara yaxın vəsaitin azad edilməsi ilə bağlı Talibanın tələbinin yerinə yetirilməsinə təzyiq göstərəcəyi gözlənilir.

BMT yeni hökumətin elektrik enerjisi də daxil olmaqla idxal üçün ödəniş etməsinə icazə verib, lakin 1 milyona yaxın əfqan uşağın aclıq təhlükəsi qasrşısında olduğu və ölkənin 38 milyon əhalisinin əksəriyyətinin yoxsulluq həddindən aşağı səviyyədə yaşadığı ilə bağlı xəbərdarlıq edib.

Norveç Xarici İşlər Nazirliyi bildirib ki, Taliban nümayəndə heyəti “qadın liderlər, jurnalistlər və digər məsələlərlə yanaşı, insan haqları və humanitar, iqtisadi, sosial və siyasi məsələlərlə məşğul olan insanlar” da daxil olmaqla, Norveçdə yaşayan əfqanlarla görüşəcək.

ABŞ Dövlət Departamentinin bəyanatında Birləşmiş Ştatların Əfqanıstan üzrə xüsusi nümayəndəsi Tom Vestin başçılıq etdiyi nümayəndə heyətinin “nümayəndəliyin təmsil olunduğu siyasi sistemin formalaşdırılması; təcili humanitar və iqtisadi böhranlara cavab vermək; təhlükəsizlik və terrorla mübarizə məsələləri; və insan hüquqları, xüsusilə qızlar və qadınlar üçün təhsil” məsələlərini müzakirə etməyi planlaşdırdığı deyilir.

Norveçin xarici işlər naziri Anniken Huitfeldt cümə günü vurğulayıb ki, səfər “Talibanın legitimləşdirilməsi və ya tanınması deyil. Amma biz bu gün ölkəni faktiki idarə edənlərlə danışmalıyıq”.

Huitfeldt “Əfqanıstanda ciddi vəziyyətdən son dərəcə narahatıq” deyərək, iqtisadi və siyasi şəraitin ölkədə aclıq təhlükəsi ilə üzləşən “milyonlarla insan üçün tammiqyaslı humanitar fəlakət” yaratdığını qeyd edib.

Norveç həssas diplomatik danışıqlara bundan öncə də ev sahibliyi edib. Bundan əvvəl ölkədə Mozambik, Əfqanıstan, Venesuela, Kolumbiya, Filippin, İsrail və Fələstin əraziləri, Suriya, Myanma, Somali, Şri-Lanka və Cənubi Sudan kimi digər ölkələrdə sülh səyləri ilə bağlı danışıqlar keçirilib.

 

Amerikanın səsi