Nemət Kərimliyə xəbərdarlıq

Vəkillər Kollegiyasının Rəyasət Heyəti oktyabrın 21-də Penitensiar Xidmətin müraciətinə baxaraq vəkil Nemət Kərimliyə xəbərdarlıq elan edib.

Məhbus jurnalist Əfqan Muxtarlının vəkili olan Nemət Kərimli bu il sentyabrın 20-də 16 saylı Cəzaçəkmə Müəssisəsində ona baş çəkib. Vəkilin dediyinə görə, onu görüşdən qabaq gözlədiblər, üst-başında axtarış aparıblar, bu əməliyyatı görüşdən çıxarkən də davam etdiriblər, bu zaman zor tətbiq olunub.

Sentyabrın 24-də Penitensiar Xidmət Nemət Kərimlini bilərəkdən qurumun fəaliyyəti haqqında ictimaiyyətdə mənfi rəy formalaşdırmağa cəhd və “Vəkillərin davranış qaydaları haqqında” əsasnamənin tələblərini pozmaqda günahlandıraraq barəsində tədbir görülməsi üçün Vəkillər Kollegiyasına müraciət edib.

“Turan”ın məlumatına görə, oktyabrın 21-də bu məsələyə baxan Vəkillər Kollegiyasının Rəyasət Heyəti Nemət Kərimliyə xəbərdarlıq elan edib, lakin intizam icraatına başlamayıb.