Neftin qiymətinin ucuzlaşması fonunda Azərbaycan iqtisadiyyatını nə gözləyir? – İqtisadçıdan açıqlama

Qadir İbrahimli:” Yaxın vaxtlarda neftin qiymətinin artacağını düşünmürəm”

 

Dünyanı cənginə alan koronavirus pandemiyası beynəlxalq iqtisadiyyata təsirsiz ötüşmür. Belə ki, ölkələr arasında ticarət dövriyyəsinin və iqtisadi əlaqələrin zəifləməsi müxtəlif sahələrdə problemlərə yol açır. Üstəlik dünyada neftin qiymətinin də aşağı düşməsi, iqtisadiyyatının əsasını “qara qızıl” təşkil edən ölkələr üçün ciddi narahatlıq doğurur. Bu mənada büdcəsinin böyük hissəsini neftdən gələn gəlirlər hesabına formalaşdıran Azərbaycanda da vəziyyət ürəkaçan deyil. OPEC+ ölkələri “qara qızıl”ın qiymətini stabil saxlamaq üçün neft hasilatını azaltmaq haqda qərar qəbul etsələr də, hələlik bu istiqamətdə ciddi irəliləyişlər müşahidə olunmur.

 

Bəs görəsən neftin qiymətinin kəskin ucuzlaşması Azərbaycan iqtisadiyyatına necə təsir göstərə bilər? Ümumiyyətlə hasilatın azaldılması qiymətlərə təsir edəcəkmi?

 

Rakurs.tv mövzunu iqtisadçı ekspert Qadir İbrahimli ilə müzakirə edib. Ekspert bildirib ki, OPEC+ ölkələrinin hasilatın azaldılması ilə bağlı qərarına baxmayaraq, qiymətlərin artacağını gözləmir: “Çünki hazırda dünya bazarında neftə olan tələbat kəskin şəkildə azalıb. Yəni təklif tələbi xeyli üstələyib. Belə vəziyyətdə də qiymətlərin enməsi qaçılmazdır. OPEC ölkələri tələb və təklif arasında tarazlığı bərpa etməyə çalışırlar. Amma bu məsələ təkcə iqtisadi deyil, həm də siyasi amillə, eləcə də koronavirus pandemiyası ilə sıx bağlıdır. Çünki bir çox ölkələrdə virusa görə, müəssisələr öz fəaliyyətini dayandırıb. Eyni zamanda ABŞ, Rusiya və İran arasında çəkişmələr də neftin qiymətinə təsirsiz ötüşmür. Bu baxımdan hazırda neftin qiyməti ilə bağlı tam proqnoz vermək mümkün deyil. Ancaq yaxın vaxtlarda neftin qiymətinin artacağını düşünmürəm”.

 

Qadir İbrahimlinin sözlərinə görə, neftin qiymətinin aşağı düşməsinin Azərbaycana təsiri çox böyükdür. Çünki Azərbaycan büdcəsinin 55 faizi neft gəlirləri hesabına formalaşır:”Eyni zamanda karantin rejimi ilə bağlı ölkənin xidmət sektoru demək olar ki, çöküb. Bu baxımdan hesab edirəm ki, hökumət real sektorun canlandırılmasına daha çox önəm verməlidir”.