Neft quyusunun üstündə yaşadıqları üçün qazsız qalanlar

Bakının Balaxanı qəsəbəsindəki Sabit Rəhman küçəsinin sakinləri evlərinə qaz xəttinin çəkilməməsindən şikayətçidirlər. 

Şikayətçilərdən biri İlqar Hüseynov “Toplum TV”- yə deyir ki, 300 metr aralıdakı küçədə yaşayanların evlərinə təbii qaz verilir, amma onlara yox. O, bir sıra dövlət qurumlarına müraciət etdiklərini, amma pronlemin həll olunmadığını söyləyir: “Bu küçə 15 ildir məskunlaşıb. İşıq və su var, amma təbii qaz yoxdur. Dəfələrlə bələdiyyəyə,  icra hakimiyyətinə, icra nümayəndəsinə müraciət etmişik. Milli Məclisə məktub yazmışıq. Cavab olaraq bildirdilər ki, pul yığın, öz hesabınıza çəkdirin”.

Şikayətçinin iddiasına görə, təbii qazın çəkilişi üçün onlardan 10 min manat istənilib: “İndiki zamanda kimdə o qədər pul var? Hər ailədə yaşlı var, uşaq var. Biz evdə gödəkçəylə otururuq. Bu küçədə 25 ailə yaşayır, soyuq qış günlərində çox çətinlik çəkirik”. 

“Toplum TV” problemlə bağlı “Azəriqaz” İstehsalat Birliyi ilə əlaqə saxlayıb. Qurumun Mətbuat Xidmətinin rəhbəri Ceyhun Səfərov bildirib ki, sözügedən ərazi Dövlət Neft Şirkətinə - SOCAR-a  məxsusdur.  

“SOCAR-ın bu barədə müvafiq əmrləri var, orada  qazlaşma işlərinin aparılmasına icazə verilmir”.

Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı həmin küçənin təhlükəli ərazidə yerləşdiyini, orada köhnə quyular olduğunu vurğulayır: “Ümumiyyətlə, o ərazidə ev tikmək olmaz. Orada yaşamaq xüsusən də uşaqlar üçün ziyandır. Ərazidə ağzı bağlanmış quyular var, bəzi evlər  o quyuların üstündə tikilib”.

M.Qəhrəmanlının fikrincə, SOCAR qazlaşma işinə icazə verməməklə doğru addım atır. 

Hüquq müdafiəçisi SOCAR-ın Balaxanı Əməliyyat şirkəti ilə birlikdə həmin əraziyə investisiya qoyduğunu da bildirir: “SOCAR-ın icazəsi olmadan əraziyə təbii qaz xətti çəkilə bilməz. Çünki ora doğrudan da təhlükəlidir. İnsan həyatı üçün ziyanlıdır, radiasiyalı sahədir”.

Amma hüquq müdafiəçisi hesab edir ki, başqa bir ərazidən söhbət gedirsə, SOCAR-ın icazə verməməsi üçün əsas yoxdur.