“Nəcməddin Sadıkovla bağlı açıqlama bəlli qurumlara mesaj vermək kimi anlaşıla bilər”

Ekspert: ““Vətən xainləri” şousunda Nəcməddin Sadıkovun iddia olunan roluna aydınlıq gətirilmir”

Azərbaycan Müdafiə Nazirliyi Baş Qərargah rəisi, nazir müavini, general-polkovnik Nəcməddin Sadıkov barədə açıqlama yayıb.

Nazirliyin Baş Qərargah rəisi barəsində açıqlaması onun vəzifədən azad edilməsi və qardaşının Ermənistan ordusunda yuxarı vəzifə tutması haqqında yayılan xəbərlərlə izah olunur.

Bildirilir ki, yayılan xəbərlər yalandır, iftiradır və düşmən qüvvələrin təxribat məqsədilə yaydığı dezinformasiyadır.

Müdafiə Nazirliyi təəssüflənir ki, son vaxtlar bu mövzuda xəbərlərin tez-tez sosial şəbəkələrdə yayılması və müzakirə edilməsi bunun qərəzli, düşmənçilik və cəmiyyətdə çaşqınlıq yaratmaq məqsədilə həyata keçirildiyini açıq-aydın göstərir:

“Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov hazırda xidmət yerindədir və vəzifələrini icra edir. Eyni zamanda, qeyd edək ki, general-polkovnik Nəcməddin Sadıkovun qardaşı keçən əsrin 80-ci illərinin əvvəlində vəfat edib. Belə bir həssas məqamlarda bu cür həqiqətə uyğun olmayan mövzuların müzakirə obyektinə çevrilməsi heç bir etik normalara sığmır”.

Müdafiə Nazirliyi mətbuatı bu cür xəbərləri yayarkən maksimum diqqətli olmağa və rəsmi mənbələrdən istifadə etməyə çağırır.

“Xəzər” Hərbi Tədqiqatlar İnstitutunun rəhbəri Cəsur Məmmədov nazirliyin açıqlamasına “son illərdə ilk dəfədir ki, belə tonda mövqe yayımlanır” deyə reaksiya verib.

Cəsur Məmmədli hesab edir ki, nazirliyin açıqlamasının cəmiyyətdən qapalı hissəsi də var:

“Daha çox bəlli qurumlara mesaj vermək kimi anlaşıla bilər və adətən bu tipli bəyanatlardan az sonra haqqında söhbət gedən şəxsin vəzifədən çıxarılması planı reallaşır”.

Hərbi ekspert “açıqlama nə kimi mesajlar verir” sualına belə cavab verib:

“Birincisi, Nəcməddin Sadıkovun Rusiya hərbi-təhlükəsizlik qurumları ilə iddia olunan sıx əlaqləri bu açıqlamada yoxdur; Hərbi əməliyyatlar zamanı Azərbaycan tərəfindən 3-cü dövlət vasitəsilə Ermənistana informasiya sızmasında Sadıkovun roluna hər hansı aydınlıq gətirilmir; 2016-cı il aprel hadisələri ilə əlaqəli “Vətən xainləri” şousunda Nəcməddin Sadıkovun iddia olunan roluna aydınlıq gətirilmir; Nəcməddin Sadıkova məxsus olan çoxsaylı daşınmaz əmlakla bağlı məsələlər ictimaiyyətə açıqlanmır. Deməli, Müdafiə Nazirliyinin bu açıqlaması əslində hakimiyyətə “Nəcməddin Sadıkovu dəyişmək zamanı” kimi mesaj vermək məqsədu güdür”.

Cəsur Məmmədov bir qədər gözləməyi düşünür.

1956-cı ildə Dərbənd şəhərində doğulan Nəcməddin Sadıkov 1979-cu ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini bitirib.

O, 1979-1992-ci illərdə SSRİ Silahlı Qüvvələri tərkibində taqım komandiri, bölük komandiri, tabor komandiri, alay komandiri olub.

N.Sadıkov 1992-ci ildən Azərbaycan Ordusundadır. Elə həmin ildən Silahlı Qüvvələrdə briqada komandiri, korpus komandiri, Cəbhə komandanının birinci müavini — Cəbhənin Səhra İdarəetmə Qərargahının rəisi vəzifələrində xidmət edib.

N.Sadıkov Prezidentin 1993-cü il tarixli Sərəncamı ilə Müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi vəzifəsinə təyin edilib.