Nazir: İstanbulda 7.5 bal gücündə bir zəlzələ gözləyirik

Türkiyənin daxili işlər naziri Süleyman Soylu televiziyaya açıqlamasında bildirib ki, 6.8 bal gücündəki zəlzələ hər birimizi qorxudan və hürküdən bir zəlzələdir.

 

O qeyd edib ki, idarə ediləcək bir məsələ var hazırda: "Zəlzələ baş verən kimi İstanbulda zəlzələ hazırlıq toplantısı keçirdik. Türkiyədə Təcili Müdaxilə Planı çərçivəsində nələr edə biləcəyimiz və İstanbulda zəlzələ olarsa, hansı tədbirlər görə biləcəyimiz və hansı koordinasiyanı necə edə biləcəyimizə istiqamətlənmiş 28 işçi qrupumuz var. Hər qrupun özünün idarəedicisi və dəstələri var. Həm bunları yenidən nəzərdən keçirmək, həm də İstanbuldakı hansıı qrupun hansı işi hansı formada həyata keçirdiyini araşdırmaq üçün bu gün də müzakirələr aparırıq. Zəlzələ baş verən zaman Topqapı Sarayındakı bütün xəzinələrin necə qorunacağından tutmuş vətəndaşların toplanma yerindəki ehtiyaclarına qədər çox əhatəli bir işdir bu. İstanbulda 7.5 bal gücündə bir zəlzələ gözləyirik. Zəlzələnin baş verməsi anındakı vəziyyət üzərində ciddi işləyirik."

 

O əlavə edib ki, Elazığda baş verən zəlzələdən sonra dağıntılar altından 45 nəfəri sağ-salamat çıxarıblar. Həmçinin 1498 bina yoxlanılıb. Onlardan 16 binanın təcili olaraq dağıdılmasına qərar verilib.