Naxçıvanla İran arasında quru sərhəd açılıb?

Naxçıvanla İran arasında quru sərhəd bir neçə gündür ki, açılıb. Artıq istənilən Naxçıvan sakini heç bir məhdudiyyət olmadan Culfa gömrüyündən İrana gedib-gələ bilir.

Bu barədə “Gündəlik Naxçıvan”a yerli sakinlər məlumat verib.

Culfa rayon sakini Qasım Nağıyev deyir ki, sərhədlərin açıldığını eşidəndə, öncə inanmayıb və yoxlamaq qərarına gəlib:

“Dəqiqləşdirmək üçün dünən İran Culfasına gedib, qayıtdım. Özümlə bəzi zəruri ərzaq məhsulları da alıb gətirdim. Sərhədin açılması çox yaxşı oldu”.

Naxçıvan şəhər sakini Kazım Cəfərov deyir ki, o da rahat şəkildə Culfa Gömrük Məntəqəsindən keçərək, İrana gedib və geri qayıdıb:
“İrana gedənlərin sayı çox idi. Onlar oraya alış-veriş və müalicə üçün gedirlər. Mən də öz işimi görüb, qayıtdım. Manatın kursu ilə orada ərzaq və sənaye mallarının bizə nisbətən qiyməti ucuzdur”.