Naxçıvanın keçmiş rabitə və yeni texnologiyalar nazirinə “Aztelekom”da vəzifə verilib

Rəqəmsal İnkişaf və Rabitə Nazirliyinə (RİNN) məxsus “Aztelekom” MMC-nin “Dağlıq Şirvan Regional Filialı” yaradılıb.

"Report”un əldə etdiyi məlumata görə, yeni regional filial Ağsu, Şamaxı, İsmayıllı, Qobustan və Qəbələ rayonlarını əhatə edir.

Filiala rəhbərlik Rövşən Həmid oğlu Məmmədova həvalə olunub. O, Naxçıvan MR-nın sabiq rabitə və yeni texnologiyalar naziridir və muxtar respulika Ali Məclisinin sədri Vasif Talıbovun ötən il martın 4-də imzaladığı sərəncamla vəzifəsindən azad edilib.

RİNN-dən "Report"a xəbəri təsdiq ediblər.

Xatırladaq ki, indiyə qədər “Aztelekom”un 2 yeni regional filialı yaradılıb. Bunlar Sumqayıt, Xızı, Siyəzən, Şabran, Quba, Qusar və Xaçmazdakı Telekommunikasiya Qovşaqlarını birləşdirən “Şimal-Şərq Regional Filialı" və Yevlax, Mingəçevir, Goranboy, Naftalan, Bərdə, Tərtər və Ağdamdakı Telekommunikasiya Qovşaqlarını birləşdirən "Aran Regional Filialı”dır.

“Şimal-Şərq Regional Filialı"na müdir Nəriman Salmanov, "Aran Regional Filialı”a müdir isə Kərəm İbrahimov təyin olunub.

Regional filialların sayının 8-ə çatdırılması nəzərdə tutulur. Bu işlər “Rəqəmsal transformasiya sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” ölkə prezidentinin 27 aprel 2021-ci il tarixli fərmanına uyğun olaraq, o cümlədən korporativ idarəetmə prinsipləri nəzərə alınmaqla həyata keçirilir.