Naxçıvana gedən sərnişin avtobusları İranda gömrük nəzarətindən keçməyəcək

Naxçıvana gedən sərnişin avtobusları İranda gömrük nəzarətindən keçməyəcək

Gömrük-keçid məntəqələrində Bakıdan İran ərazisindən keçməklə Naxçıvana və əks istiqamətdə səyahət edən sərnişinlərin əl yükləri və baqajlarına gömrük nəzarəti tətbiq edilməyəcək.
 
Bu barədə Azərbaycan Gömrük Komitəsi məlumat yayıb.
 
Məlumatda deyilir ki, sərnişinlərin rahatlığının təmin edilməsi, sərhədkeçmə prosesinin sürətləndirilməsi və avtobusların mənzil başına daha tez çatmasını təmin etmək məqsədilə gömrük nəzarəti Dövlət Gömrük Komitəsi sədrinin sərəncamına əsasən, avqustun 19-dan etibarən Bakı Beynəlxalq Avtovağzalında yaradılan gömrük nəzarəti zonasında həyata keçiriləcək. 
 
Məlumatda deyilir ki, əvvəllər sərhədi keçən avtobuslar hər iki ölkənin gömrük postlarında ümumilikdə 4 dəfə gömrük nəzarətindən keçir və sərnişinlərin əl yükləri dəfələrlə yoxlanılırdı.
 
"Son bir il ərzində İranla aparılan danışıqların və görülən tədbirlərin nəticəsi olaraq, 13 iyun 2019-cu ildə Azərbaycan ilə İran arasında beynəlxalq avtomobil əlaqələri sahəsində birgə komissiyanın növbəti iclasında Bakı-Naxçıvan-Bakı marşrut xətti üzrə hərəkətdə olan avtobuslardakı əl yüklərinin sərhəd-keçid məntəqələrində yoxlanma prosedurlarında dəyişikliyə dair razılıq əldə olunub. Yeni qaydalara əsasən, Azərbaycan tərəfində gömrük nəzarətindən keçirilən avtobuslar və sərnişinlərə aid yüklər xüsusi nömrələr və plomblarla təmin olunduqdan sonra İran ərazisinə daxil olur. İki ölkənin gömrük orqanları arasında imzalanan memoranduma əsasən, Azərbaycan qarşı tərəfə avtobusların yük yerlərində qaçaqmal faktı təşkil edən və İran ərazisində dövriyyəsi qadağan edilən malların olmadığına dair təminat verir və avtobuslar İranda gömrük yoxlamasından keçirilmir. Bununla da İran ərazisinə daxil olan avtobusun heç bir əlavə yoxlama aparılmadan sürətli şəkildə gömrük postlarından keçidi təmin olunur".
 
Gömrük Komitəsi bildirib ki, pilot layihə Naxçıvandan Bakıya gələn avtobusları da əhatə edir.
 
"Əks istiqamətdə hərəkət edən avtobuslar və sərnişinlərə dair əl yüklərinin, baqajların gömrük nəzarətindən keçirilməsi məqsədilə Naxçıvan şəhərindəki Avtovağzal Kompleksində gömrük nəzarəti zonası yaradılıb".
 
Dövlət Gömrük Komitəsi hazırda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti ilə birlikdə bu layihənin Türkiyə, Gürcüstan və Rusiyaya gedən avtobuslara tətbiq edilməsi üzərində iş aparır.

Facebook