Natiq Cəfərli: “Məmurların heç biri indiyə qədər dövlətə vergi ödəməyib”

"Əli Həsənov vəzifədə olduğundan heç kəs ona və şirkətlərinə toxuna bilmirdi. İndi isə vəzifədə deyil deyə, onun şirkətləri ilə bağlı yoxlamalar başlanıb”.
 
ReAl Partiyasının icra katibi, iqtisadçı ekspert Natiq Cəfərli Toplum tv-yə açıqlamasında belə deyib. 
 
Prezident Administrasiyasının ləğv olunmuş ictimai siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun ailəsinə məxsus şirkətlərin bir qisminin vergi borcu (ümumilikdə 208 min manat) olduğu ortaya çıxıb. 
 
Bu haqda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb. 
 
Natiq Cəfərli isə bildirir ki, məmurların heç biri indiyə qədər dövlətə vergi verməyib. Onun qənaətincə, bu hal Azərbaycan hökuməti üçün utanc yeri olmalıdır. 
 
Ekspert söyləyir ki, Azərbaycanda həmişə vəzifə biznes üçün "zireh” rolunu oynadığından məmur biznesi daha çox yayılıb, nəinki normal biznes münasibətləri: "Bu, Əli Həsənov məsələsində də bir daha öz təsdiqini tapdı”. 
 
O, sual edir: "Əli Həsənov vəzifədə olanda bilmirdilər ki, həmin şirkətlər dövlətə vergi ödəmir?”
 
Ekspertin fikrincə, yalnız məmurlar vəzifədən getdikdən sonra onların obyektlərində vergi yoxlamaları aparmaq mümkün olur: "Əvvəllər əllərindəki güclə bu yoxlamaların qarşısını ala bilirdilərsə, vəzifədən getdikdə bu güc olmadığından heç nə edə bilmirlər”.  
 
Xalid Bağırov: "Vergidən yayınmaq cinayət məsuliyyəti yaradır”
 
Hüquqşünas Xalid Bağırov isə deyir ki, vergidən yayınmaq cinayət məsuliyyəti yaradır. 
 
O, keçmiş dövlət məmurlarının vergidən yayınmağa görə cinayət məsuliyyətinə cəlb olunmasının çətin olduğunu vurğulayır: "Məmurların özləri bu işlərlə birbaşa olaraq məşğul olmurlar”.
 
Cinayət Məcəlləsinin 213.2.2. maddəsinədə(Vergiləri, işsiklikdən sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayaınma) deyilir: Külli miqdarda(iki yüz min manatdan yuxarı, lakin beş yüz min manatdan aşağı olmayan məbləğ) vergiləri, işsizlikdən sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma cinayət nəticəsində vurulmuş ziyanın üç misli miqdarında cərimə və ya üç ilədək müddətdə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ildən beş ilədək müddətdə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. 
 
Məsələylə bağlı Milli Məclisin İqtisadi sisyasət, sənaye və sahibkarlıq komitəsindən bir neçə deputatla əlaqə yaratmağa çalışsaq da, heç bir zəngə cavab verilməyib.