“National Geographic”ın üz qabığına çıxan əfqan qızı İtaliyadan sığınacaq alıb

"Əfqan qızı" Şərbət Güla "Taliban"ın Əfqanıstanda hakimiyyəti ələ keçirməsindən sonra ölkədən qaçıb.

APA-nın “Sözçü”yə istinadən verdiyi xəbərə görə, bu barədə İtaliya hökuməti açıqlama verib.

Bildirilib ki, Güla ölkəni tərk etmək tələbi ilə İtaliyaya müraciət edib. İtaliya da öz növbəsində onun ölkədən çıxarılmasını həyata keçirib.

Gülanın həyatının daim diqqətdə saxlanılacağı, onun İtaliya cəmiyyətinə inteqrasiyasına kömək ediləcəyi də vurğulanıb.

Qeyd edək ki, Şərbət Güla 1985-ci ildə ABŞ fotoqrafı Stiv Makkarinin çəkdiyi və “National Geographic” jurnalının üz qabığına çıxan fotosu ilə məşhurlaşıb. Yaşıl gözlü, qırmızı yaylıqlı, düz kameraya baxan gənc qızın fotosu Qərbdə çoxlu şərhlərə səbəb olub, Şərq ölkələrində yaşayan qaçqın qızların simasına çevrilmişdi.