Nardaran hadisələrinin gerçək səbəbləri

2015 ci ilin Nardaran hadisələri müasir Azərbaycan tarixinə dinc insanlara qarşı həyata keçirilən dövlət terroru kimi daxil olub. Bu qanlı hadisənin törədilməsində məqsəd cəmiyyətdə gündən - günə genişlənən narazılıq fonunda dindar kəsimin siyasi proseslərə qoşularaq , hakimiyyətə qarşı öz narazılığını ifadə etməsinin qarşısını qorxu, zorakılıq yolu ilə almaq idi. Azərbaycan hakimiyyəti dindarların siyasi fəallığlna hər zaman təhlükəli bir hal kimi baxıb və bu proses kütləvi xarakter alarsa, onun qarşısını almağın çətin olacağından narahat olub. Ona görə də, əslində "Müsəlman Birliyi" təşkilatı üzərindən Nardaranda dindarlara qarşı edilən amansız zorakılıqla və sonrakı istintaq prosesində həyata keçirilən ağlasığmaz işgəncələrlə bütün sadə dindarlara mesaj verilirdi. Bu yolla dindarlara göstərilirdi ki, əgər, Hacı Taleh kimi bir dini liderin arxasınca gedərlərsə, o zaman onlara qarşı ən amansız şəkildə davranılacaq.
Bu prosesdə diqqəti çəkən məqamlardan bir də, "Müsəlman Birliyi Hərəkatının" lideri Hacı Talehin xüsusi olaraq hədəf alınması idi. Bu da səbəbsiz deyildi. Çünki, Hacı Taleh ilk dəfə bir dini lider olaraq, ənənəvi dar çərçivəni aşıb təkcə dindarlara deyil, həm də cəmiyyətin bütün kəsimlərinə xitab edən bir siyasi lider kimi özünü göstərdi. Onun belə bir xətt seçməsi dindarlarla ənəvi demokratik müxalifətin sosial bazası və siyasi təsisatları arasında yaxınlaşmaya və əməkdaşlığa şərait yaradırdı. Üstəlik Hacı Talehin kəskin müxalifət mövqeyindən çıxış etməsi, əksər dindarların gözünü açır, onların sadəcə dini ritualları yerinə yetirməklə əsil müsəlman ola bilməyəcəklərini, mütləq cəmiyyətdə haqq və nahaqq, xeyirlə şər arasında gedən mübarizədə mövqe seçmələrinin zəruriliyini təbliğ etməsi, rejimi ciddi şəkildə narahat edirdi. Çünki uzun illər ərzində Azərbaycan hakimiyyəti öz din məmurları vasitəsi ilə dindarları siyasətdən, cəmiyyətdəki proseslərdən uzaq tutaraq, əslində, dindarları münafiqliyə sövq etmiş, beləcə onları nəzarətdə saxlamışdı. Ancaq Hacı Taleh və onun mübarizə yoldaşları bütün bu ənənvi streotipləri dağıdaraq, din məmurlarının münafiqliyə əsaslanan monopoliyasını dağldaraq, islamın gerçək qayəsinə uyğun olan yeni bir prosesin əsasını qoyurdu.
Bu məsələdə hakimiyyəti narahat edən əsas məsələlərdən bir də, Hacı Talehin dindarlar arasında demokratik mixalifətlə bağlı yayılmış "Qərbin adamları" streotipini dağıdaraq, sosial bazalar arasında inteqrasiya üçün zəmin yaratması oldu. Uzun illər bir tərəf o birini İranın, digər tərəf də qarşı tərəfi Qərbin əlaltısı gözündə gördüyündən, aradakı bu yanlış yanaşmaların ortadan qalxmasını rejim sakitcə seyr edə bilməzdi və etmədi də.
Digər mühüm bir nüans da, Hacı Talehun ilk dəfə olaraq dindarlar arasında İmam Hüseyn məktəbini canlandlrmasl idi. Məhərrəmlik mərasimlərində İmam Hüseynə göz yaşı töküb, sonra da İmam Hüseynin mübarizə apardığı zalımlarla eyni əməli törədənlərin qarşısında müti və itaətkar davranıb, onların zülmünə etinasız qalmağın münafiqlik olduğunu öz əməlləri, çıxışları ilə göstərən Taleh Bağlrzadə qısa müddətdə cəmiyyətdə populyarlaşmağa başladı. Öz əqidəsi yolunda məhrumiyyətlərə məruz qalan, dəfələrlə həbsxanaya düşüb çıxan Hacı Talehin İmam Hüseyn məktəbini bu şəkildə canlandırması, onu dindarlar arasında və cəmiyyətdə dah çox sevilən və hörmət olunan bir dini liderə çevirdi. Onun bu nüfuzu qarşısında hakimiyyətə din məmurluğu edənlər, loyallığı ilə özünü təhlükəyə atmayanlar kölgədə qaldığından, dini camiə rejimin nəzarətindən çıxırdı və bu səbəbdən də Taleh Bağırzadə özlüyündə ciddi bir təhlükəyə çevrilməkdə idi.
Bütün bu səbəblərdən də o, və silahdaşları rejimin amansız qəzəbinin hədəfinə gəldi. Bu baxımdan mübaliğəsiz demək olar ki, Hacı Taleh və onun tərəfdarlarına qarşı Nardaranda törədilən qanlı basqın Kərbala hadisəsinin müasir, yeni variantda tətbiqi idi.
Bu gün "Müsəlman Birliyi Hərəkatının" lideri Taleh bəy və yaxın silahdaşları həbsdə olsa da, bu faktın özü belə onun mənəvi gücünü artırmaqdadır. Çünki, dünyanın hər yerində olduğu kimi, bizim cəmiyyətdə də, xüsusilə ilə də dindar insanların qəlbində həmişə öz əqidəsinə, haqq uğrunda mübarizəyə görə zülmə məruz qalan əzabkeş liderlər daha böyük sevgi və etibara, mənəvi gücə sahib olurlar.

Fuad Qəhrəmanlı.